Advert
Advert

Çin lideri Trampa sərt xəbərdarlıq edib

Tarix:
Çin lideri Trampa sərt xəbərdarlıq edib
Reklam

Çin liderinin Tayvan məsələsinin supergüclər arasında “toqquşmalara” səbəb ola biləcəyi ilə bağlı xəbərdarlığı Kommunist Partiyasının diqqətlə formalaşdırılmış siyasi mühitində gözlənilməz addım kimi qiymətləndirilib.

Reyting.az “Bloomberg”ə istinadla xəbər verir ki, ABŞ prezidentlərinə Tayvanın işlərinə müdaxilə ilə bağlı xəbərdarlıqlar Çin üçün artıq standart praktikaya çevrilib.

Lakin Çin liderinin bunun dünyanın ən böyük iqtisadiyyatları üçün “son dərəcə təhlükəli vəziyyət” yarada biləcəyini deməsi bu mövzuda indiyədək səsləndirilən ən sərt açıqlamalardan biri hesab olunur.

Məqalədə qeyd edilir ki, Pekinin Si Cinpinin bəyanatını paytaxt Pekində keçirilən təxminən iki saatlıq görüş başa çatmamış yaymaq qərarı mesajın ciddiliyini göstərir.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp indi Si Cinpinin Tayvan məsələsinin ABŞ-Çin münasibətlərini pozmasına həqiqətən imkan verib-verməyəcəyinə qərar verməlidir. Xüsusilə nəzərə alınır ki, Çin liderinin sentyabr ayında Ağ Evə səfəri planlaşdırılır. Bu, il ərzində nəzərdə tutulan dörd görüşdən ikincisi olacaq.

Nəşr yazır ki, Respublikaçı liderin Taypeyə planlaşdırılan 14 milyard dollarlıq silah satışını ləğv etməyə çalışması, İranla mümkün müharibə fonunda seçicilərin narazılığı ilə üzləşdiyi bir vaxtda, Vaşinqtonda ikitərəfli reaksiyaya səbəb ola bilər. Saziş təsdiqlənərsə, Tramp Pekinin qəzəbi ilə qarşılaşacaq.

“Prezident Trampın bu məsələnin bizim üçün son dərəcə vacib olduğunu tam başa düşməsini istəyirik”, - deyə Şanxaydakı Fudan Universitinin Amerika Araşdırmaları Mərkəzinin direktoru Vu Xinbo bildirib. O, əvvəllər Çin Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışıb.

V. Xinbo əlavə edib ki, Çin lideri ABŞ-ı Tayvana silah satışını dayandırmağa və adanın müstəqilliyinə qarşı olduğunu açıq şəkildə bildirməyə çağırmaq üçün belə “qətiyyətli və birbaşa” danışıb.

Nəşr qeyd edir ki, bir neçə saat sonra yayımlanan rəsmi ABŞ bəyanatında Kommunist Partiyasının heç vaxt idarə etmədiyi, lakin öz ərazisi saydığı mikroelektronika mərkəzi olan Tayvan barədə heç nə deyilməyib.

ABŞ dövlət katibi M. Rubio NBC-yə bildirib ki, Amerikanın Tayvana silah satışı məsələsi Donald Tramp və Si Cinpin arasında danışıqlarda “əsas mövzu olmayıb”.

“Bizim baxışımıza görə, status-kvonun və mövcud vəziyyətin məcburi şəkildə dəyişdirilməsi hər iki ölkə üçün zərərli olar”, - deyə Rubio vurğulayıb.

Məlumata görə, bu vəziyyət ABŞ üçün sürpriz olmamalı idi. Zirvə görüşündən bir neçə həftə əvvəl Çin müstəqillik tərəfdarı olan Tayvan liderinə təzyiqləri artırıb.

Bundan əlavə, ötən ay Si Cinpin adanın Pekinə yaxın mövqedə olan müxalifət partiyasının rəhbərini qəbul edib ki, bu da son on ildə ilk belə görüş hesab olunur.

Qeyd edilir ki, Si Cinpinin Tayvanla bağlı sərt açıqlamaları, xüsusilə sammitin ümumi dostluq atmosferi fonunda diqqət çəkib.

E. Kamal
 

Reklam