Çində səhralaşmaya qarşı aparılan “yaşıl” mübarizə çərçivəsində indiyədək 78 milyarddan çox müxtəlif növ ağac əkilib.
Reyting.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Səhralaşma və Quraqlıqla Mübarizə Günü münasibətilə yaydığı məlumatda qeyd olunub.
Mütəxəssislər bildiriblər ki, iqlim dəyişiklikləri nəticəsində quraqlıqların sayı artmaqdadır. BMT ekspertlərinin təqdim etdiyi son proqnozlara görə, proseslər bu templə davam edərsə, 2050-ci ilədək dünya əhalisinin təxminən 75 faizi quraqlığın ciddi mənfi təsirlərini hiss edə bilər.
Səhralaşmaya qarşı həyata keçirilən ən böyük layihələrdən biri də Afrikada reallaşdırılan “Böyük Yaşıl Divar” təşəbbüsüdür. Bildirilib ki, layihə çərçivəsində 2030-cu ilədək 100 milyon hektar ərazinin yaşıllaşdırılması, eləcə də uzunömürlü ağac və kolların əkilməsi nəzərdə tutulur.
Bu sahədə lider ölkələrdən biri olan Çin isə Qobi və Takla-Makan səhralarının genişlənməsinin qarşısını almaq məqsədilə həmin ərazilərdə genişmiqyaslı meşəsalma proqramları həyata keçirir. Məlumata görə, dövlət tərəfindən icra olunan bu layihələrdə dronlardan və digər müasir texnologiyalardan istifadə edilir. Qeyd olunub ki, məhz bu yaşıllaşdırma layihələri nəticəsində ölkədə meşə sahələrinin payı XX əsrin ortalarından bəri təxminən 15 faiz artıb.
Bununla yanaşı, BMT mütəxəssisləri və ekoloqlar xəbərdarlıq ediblər ki, iri meşəsalma layihələri bəzi bölgələrdə su ehtiyatlarının azalmasına səbəb ola bilər.
Oqtay Qorçu