Cizgi filmlərində mənfi obrazların fərqli ləhcələrlə təqdim olunması uşaqların nitq qavrayışına mənfi təsir edir. Kanadalı alimlərin apardıqları tədqiqatın nəticələrinə görə, uşaqların əksəriyyəti xarici və ya qeyri-standart ləhcə ilə danışan personajları daha çox mənfi qəhrəmanlar kimi qəbul edirlər.
Reyting.az-ın məlumatına görə, alimlər bildiriblər ki, bu stereotip uşaqların yaşı artdıqca daha da güclənir.
Tədqiqatçılar 1980-1990-cı illərdən bu günədək populyarlıq qazanmış 100-dən çox animasiya filmi və serialını təhlil ediblər. Araşdırma nəticəsində müəyyən olunub ki, qeyri-standart ləhcə ilə danışan personajlar daha çox cani rollarında təqdim edilir və bu tendensiya uzun illərdir dəyişmədən qalır.
Eksperimentdə valideynlərinin razılığı ilə iştirak edən 7-8 yaşlı uşaqlar və böyüklər yerli Kanada ləhcəsi ilə danışan səsləri qəhrəmanlara, xarici ləhcə ilə danışan səsləri isə daha çox mənfi obrazlara uyğun hesab etdiklərini bildiriblər.
Tədqiqatçılar sınaqların nəticələrinə əsasən vurğulayıblar ki, bu meyl uşaqlardan daha çox böyüklərdə müşahidə olunur.
Alimlərin sözlərinə görə, əlavə araşdırmalar göstərib ki, 5-6 yaşlı uşaqlarda hələlik belə bir stereotip formalaşmayıb. Lakin 7-8 yaşdan etibarən bu xüsusiyyət daha qabarıq şəkildə özünü göstərir və 12-13 yaşlarında böyüklərin səviyyəsinə çatır.
Tədqiqatçıların irəli sürdükləri nəzəriyyəyə görə, "əcnəbi ləhcə = mənfi obraz" assosiasiyası anadangəlmə deyil. Bu stereotip sosial mühitin və medianın təsiri nəticəsində zamanla formalaşan öyrənilmiş davranış modelidir.
Oqtay Qorçu