Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyə qədər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib.
Reyting.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Ə. Həsənov bildirib ki, təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş şəhid məzarlarından məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib: “327 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib. İyunun 1-də və 3-də daha 6 şəhidimizin meyiti ailələrinə təhvil veriləcək.
Bütün bu işlərin həyata keçirilməsində əməkdaşlarımız beynəlxalq təşkilatlarla çoxsaylı görüşlər keçirmiş, dünyanın müxtəlif bölgələrindən təcrübəli mütəxəssislər – məhkəmə-tibb ekspertləri ilə qarşılıqlı elmi-praktik əməkdaşlıq etmiş, kurslar və təlimlərdə iştirak edib”.(APA)
***
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyətləri indi müəyyən edilmiş 6 şəhidimizin dəfn mərasimləri ilə bağlı məlumat yayıb.
Bildirilir ki, hərbçi Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-də saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunacaq.
İyulun 3-də isə mülki şəxslər Kamalov Bahadur Məhəmməd oğlu saat 12:00-da Kəlbəcər rayonunun Zar kəndi yeni qəbiristanlığında, Babayeva Mədinə Rəhim qızı saat 13:30-da Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.
Həmin gün hərbçilər Əhmədov Rauf Əjdər oğlu saat 14:00-da Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Musayev Dəyanət Salik oğlu saat 13:00-da Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Əliyev Möysüm Murad oğlu isə saat 14:00-da Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında dəfn ediləcəklər.