Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Reyting.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur.
Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Reyting.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər.
Strateji Belarus-Azərbaycan tərəfdaşlığının inkişafında Minskin güclü marağını təsdiq edirəm. Əminəm ki, bizim müntəzəm görüşlərimiz, etimada əsaslanan fəal dialoq, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilən sistemli fəaliyyət cari layihələrin uğurla icrasına və yeni ikitərəfli təşəbbüslərin formalaşmasına daim kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzulayıram”.
***
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Reyting.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.
Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik.
Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf tendensiyasına malik olmasını qeyd etmək sevindiricidir.
Əmin olduğumu bildirirəm ki, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik və ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyətimizin daha da dinamik inkişafını təmin edəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar, dost Azərbaycanın qardaş xalqına isə hər zaman aydın səma, firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram".