“İran danışıqları imitasiya edir və vaxt qazanmağa çalışır. Eyni zamanda, hər hansı güzəştə getmir və nüvə proqramını davam etdirməkdə qərarlıdır”.
Bunu “Reytinq” qəzetinə ABŞ-İran danışıqlarının pozulmasını şərh edən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, İran danışıqlar prosesində hər zaman oxşar davranış nümayiş etdirib və burada qeyri-adi heç nə yoxdur.
“Gördüyümüz proses diplomatik təmaslardan daha çox siyasi oyunu xatırladır. İran danışıqlarda məhz bu oyunu oynayır”, - deyə Mollazadə əlavə edib.
Deputatın fikrincə, İranın diplomatiya ilə birbaşa əlaqəsi olmayan bu siyasi oyunlarının mahiyyətini ABŞ da yaxşı anlayır:
“Onların bombaları azalıb və hazırda intensiv şəkildə yeni sursat istehsal edirlər. Bu silahların yenidən İrandakı hərbi obyektlərə qarşı istifadə olunması mümkündür. Hazırda isə ehtiyatların artırılması istiqamətində iş aparılır”.
ABŞ və İran arasında müharibənin davam etməsi ehtimalına gəlincə, A. Mollazadə bunu istisna etməyib.
“Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək”, - deyə deputat bildirib.
Nemət Orucov
Reyting.az