“Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Ermənistanda keçirilməsi mövcud hakimiyyətə dəstək kimi qiymətləndirilir. Belə bir tədbir erməni cəmiyyətinə müəyyən təsir göstərə, seçicilərin indiki hökumətə səs verməsinə stimul yarada bilər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.
A. Mollazadə bildirib ki, Rusiyanın Ermənistanı hərbi nəzarətə götürmək və revanşist qüvvələri hakimiyyətə gətirmək istəyi mövcuddur. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində gedən proseslər də bunu göstərir.
Deputat qeyd edib ki, belə bir ssenarinin reallaşması nə region, nə də dünya üçün müsbət nəticələr vəd edir:
“Bu baxımdan Avropa liderlərinin Ermənistana səfəri hazırda seçkilərə hazırlaşan Baş nazir Nikol Pashinyan üçün dəstək anlamına gəlir. Düzdür, bu tədbirin Ermənistanda keçirilməsi barədə qərar verilərkən belə məqamlar nəzərdə tutulmayıb. Azərbaycan da Avropa Siyasi Birliyinin liderlər görüşünün İrəvanda keçirilməsinə qarşı çıxmayıb, əksinə, buna razılıq verib. Amma tədbirin İrəvanda keçirilməsi istər-istəməz indiki hökumətə dəstək təsiri yaradır”.
Deputat əlavə edib ki, hazırda regionda formalaşan vəziyyət müsbət imic yaradır və xalqlar sülh şəraitində normal həyatlarını davam etdirirlər:
“Mən hesab edirəm ki, bu proses davamlı olmalıdır. O cümlədən Ermənistanda sülhə qarşı çıxan, revanşist əhval-ruhiyyədə olan qüvvələr siyasi səhnədən getməlidirlər. Əlbəttə, Ermənistandakı revanşist qüvvələrə, onların xaricdəki havadarlarına, eləcə də erməni diasporuna sülh və sabitlik sərf etmir. Amma ümid edirəm ki, Ermənistan əhalisinin əksəriyyəti sülhün alternativsiz olduğunu anlayır və müharibəyə qarşı çıxır”.
Nemət Orucov
Reyting.az