Dünyada doğum səviyyəsi regionlar üzrə getdikcə daha kəskin fərqlənməyə başlayıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında bildirilir.
Reyting.az xəbər verir ki, BMT-nin yeni hesabatına əsasən, Afrikada doğum göstəricisi hər qadına orta hesabla 4 uşaq təşkil edir. Bu isə sadə təkrar istehsal həddi sayılan 2,1 göstəricisindən xeyli yüksəkdir.
Digər böyük regionlarda - Asiya, Avropa, həmçinin Şimali və Cənubi Amerikada - doğum səviyyəsinin təxminən 2,1-dən aşağı düşdüyü qeyd olunur.
Qlobal orta göstərici 2,2 olsa da, Afrikadakı yüksək doğum səviyyəsi yaxın gələcəkdə əhali artımının əsasən bu regionda cəmlənəcəyini göstərir. Afrika ilə müqayisədə Avropada (1,4), Asiyada, eləcə də Şimali və Cənubi Amerikada (təxminən 1,7) doğum səviyyəsi xeyli aşağıdır. Bu isə bir çox ölkədə əhalinin sürətlə qocalmasına gətirib çıxarır və əmək bazarında potensial problemlər yaradır.
Ekspertlərin fikrincə, son müşahidələr və araşdırmalar göstərir ki, bir çox ölkələrdə demoqrafik tarazlığı qorumaq üçün miqrasiya siyasəti və ailələrə dövlət dəstəyi getdikcə daha vacib amillərə çevrilir.
Oqtay Qorçu