Advert
Advert

Dollar milyarderlərinin sayı sürətlə artır

Tarix:
Dollar milyarderlərinin sayı sürətlə artır
Reklam

Dünyada dollar milyarderlərinin sayı sürətlə artır. 2031-ci ilə qədər onların sayının təxminən 4 min nəfərə çatacağı gözlənilir.

Reyting.az-ın məlumatına görə, dünya üzrə dollar milyarderlərinin sayı 2021-ci ildə 2723 nəfər olduğu halda, 2026-cı ilə qədər 3110 nəfərə çatacaq. Bu isə beş il ərzində 14 faiz artım deməkdir.

Artım tempinin daha da sürətlənəcəyi proqnozlaşdırılır.

“Knight Frank” şirkətinin hesabatına görə, milyarderlərin sayı növbəti beş il ərzində əlavə 26 faiz artaraq 2031-ci ilə qədər 3915 nəfərə çatacaq.

Bildirilir ki, Səudiyyə Ərəbistanında milyarderlərin sayı 2031-ci ilə qədər 23 nəfərdən 65 nəfərə yüksələrək 183 faiz artım göstərəcək və bu ölkə artım tempinə görə lider olacaq.

Avropa bu artımın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Regionda milyarderlərin sayı 2026-cı ildəki 780 nəfərdən 2031-ci ildə 994 nəfərə qədər arta bilər ki, bu da 27 faiz artım deməkdir. Polşada milyarderlərin sayı iki dəfədən çox artaraq 13-dən 29-a (123 faiz) çatacaq. İsveç isə artım tempinə görə Avropada ikinci, qlobal miqyasda üçüncü yeri tutur (32-dən 58-ə qədər, yəni 81 faiz artım).

Bu arada, Şimali Amerikada milyarderlərin sayı 995-dən 1089-a yüksəlsə də, regionun qlobal payı 31 faizdən 27,8 faizə qədər azalacaq.

“Knight Frank” şirkətinin rəhbəri R. Penn bildirib ki, getdikcə çətinləşən qlobal iqtisadi mühit fonunda sərvət yaratmaq imkanları genişlənir.

Onun sözlərinə görə, ultra zənginlər daha mobil olurlar, lakin investisiya və ya yaşayış üçün təhlükəsiz hesab etdikləri bazarların sayı azalır.

Hesabatda vurğulanır ki, varlı ailələr diversifikasiya və təhlükəsizlik məqsədilə aktivlərini getdikcə bir neçə regiona - əsasən Amerika, Avropa və Asiya-Sakit okean regionuna - yayırlar.

Eyni zamanda, Böyük Britaniyada yüksək vergilər və siyasi qeyri-sabitliyə baxmayaraq, London hüquq sisteminin sabitliyinə görə bəzi varlı şəxslər üçün cəlbedici olaraq qalır. Bununla belə, bəzi investorlar getdikcə Avropanı “investisiya məkanı deyil, muzey” kimi qiymətləndirirlər.

Son on ildə dünyanın 3000 milyarderinin sərvəti 6,5 trilyon dollar artıb ki, bu da qlobal ÜDM-in 14,6 faizinə bərabərdir.

Kəskin iqtisadi yavaşlama Rusiya Federasiyasının dollar milyarderlərinin sayına görə yeni rekord vurmasına mane olmayıb. 2025-ci ilə qədər Rusiyada milyarderlərin sayı 9 nəfər artaraq 155 nəfərə çatıb və onların ümumi sərvəti 696,5 milyard dollar təşkil edib. Müharibədən əvvəlki 2021-ci illə müqayisədə xalis sərvəti 1 milyard dollardan çox olan rusların sayı 22 nəfər artıb.

Y. Qacar
 

Reklam