Rusiyada doqquz qızın qətlində ittiham olunan Novosibirsk sakini Moskva vilayətində məhkəmə qarşısına çıxarılacaq.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs cinayətləri 2002-ci ildə Moskva vilayətində təhsil aldığı dövrdə törədib. O, axşam saatlarında gənc qızlara hücum edib, onların müqavimət göstərməsinin və ya qaçmasının qarşısını almaq üçün xəsarətlər yetirib. Daha sonra qurbanlarını cinsi zorakılığa məruz qoyaraq qətlə yetirib.
Müstəntiqlərin iddiasına görə, o, ümumilikdə doqquz qızı öldürüb. İlk bir neçə ay ərzində üç qızın həyatına son qoyan təqsirləndirilən şəxs, bir müddət sonra isə eyni gün ərzində daha iki qızı qətlə yetirib. Son qurbanının Perudan olan, yerli institutda təhsil alan tələbə olduğu bildirilir. Həmin cinayətdən sonra o, Novosibirsk vilayətinə gedib.
İstintaq materiallarına əsasən, o, qətllərdən birindən sonra parkda bir kişini də bıçaqlayıb. Bundan başqa, ögey qızına qarşı dəfələrlə cinsi zorakılıq etdiyi də iddia olunur.
Cinayət işləri uzun illər açılmamış qalsa da, 2024-cü ildə aparılan istintaq nəticəsində onların üstü açılıb. Şübhəli artıq törətdiyi cinayətlərdə iştirakını etiraf edib.
İstintaq başa çatıb və təqsirləndirilən şəxs yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.
Məlumata görə, o, daha əvvəl Tambov vilayətində də bir qadına qarşı cinsi zorakılıq törətməkdə ittiham olunur.
V. Quliyev