Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Tehran və Vaşinqton arasında atəşkəs məsələsini İran və BƏƏ-dəki həmkarları, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığında müzakirə edib.
Reyting.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Pakistanın Baş naziri ilə söhbəti zamanı Qətər hökumətinin başçısı İslamabada “ABŞ və İran arasında atəşkəsin əldə olunmasına töhfə verən vasitəçilik səylərinə” görə minnətdarlığını bildirib. O, Dohanın Pakistanın təşəbbüsünü tam dəstəklədiyini vurğulayaraq, bütün tərəfləri hərtərəfli sülh sazişinə nail olmaq üçün dialoqa çağırıb.
BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə danışığında Qətərin Baş naziri Bərəkə Atom Elektrik Stansiyasına (AES) dron hücumunu qətiyyətlə pisləyib.
Nazirliyin “X” sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib ki, hökumət başçısı Əbu-Dabi ilə tam həmrəy olduğunu və BƏƏ hakimiyyətinin suverenliyin və strateji obyektlərin təhlükəsizliyinin qorunması istiqamətində gördüyü bütün tədbirləri dəstəkləyir.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Fars körfəzindəki vəziyyəti müzakirə edən Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadənin qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, gəmiçilik azadlığı “dəyişməz və müzakirə olunmayan” prinsipdir, boğazın bağlanması isə “yalnız böhranı daha da dərinləşdirəcək və region ölkələrinin həyati maraqlarını təhlükə altına qoyacaq”.
Onu da qeyd edək ki, mayın 16-da Pakistanın daxili işlər naziri Möhsin Rza Nəqvi münaqişənin həlli və ABŞ ilə danışıqların bərpası perspektivlərini müzakirə etmək məqsədilə iki günlük səfərlə Tehrana gəlib. İran mediasının məlumatına görə, səfərin əsas məqsədi nüvə proqramı da daxil olmaqla danışıqlar sənədi üzrə konkret razılıqların əldə edilməsidir.
E. Kamal