İnsan haqları qrupu “Amnesty International” 2026-cı il FIFA Dünya Kubokuna gələcək qonaqların üzləşə bilcəkləri risklərlə bağlı həyəcan təbili çalır.
Reyting.az-ın məlumatına görə, “Amnesty International”-ın bu bazar ertəsi günü yayımlanan hesabatında xəbərdarlıq edilir ki, bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il FİFA Dünya Kuboku "azarkeşlər, oyunçular, jurnalistlər, işçilər və yerli icmalar üçün əhəmiyyətli risklər və təsirlər" yaradır.

"Bəşəriyyət qazanmalıdır: 2026-cı il FİFA Dünya Kubokunda Hüquqların Müdafiəsi, Repressiyalarla Mübarizə" başlıqlı hesabatda 104 futbol matçının (78) böyük əksəriyyətinə ev sahibliyi edəcək ABŞ xüsusilə sərt tənqidlərə məruz qalır. Oradakı durum "insan haqları ilə bağlı fövqəladə vəziyyət" kimi təsvir edilir.
"Silahlı agentlər qapıları sındırır, uşaqları saxlayır və yüz minlərlə insanı deportasiya ediblər", - deyə sənəddə ABŞ-ın bəzi ştatlarına, xüsusən də yanvar ayında iki ABŞ vətəndaşının güllələndiyi Minnesota ştatına ezam olunmuş ICE immiqrasiya rəsmilərinin hərəkətlərinə istinad edilir.
Həmçinin, 2025-ci ildə ABŞ-dan 500 mindən çox insanın deportasiya olunduğunu təxmin edən "New York Times" qəzetindən sitat gətirilir.

36 səhifəlik hesabatda qeyd olunub ki, LGBTQI+ fan qrupları iştirakın təhlükəsiz olmadığını və dörd seçmə ölkəsinin azarkeşlərinin ölkəyə girişinin qadağan edildiyini bildirirlər.
Congress.gov saytının məlumatına görə, Haiti və İran vətəndaşlarının ABŞ-a girişi tamamilə qadağandır, digər iki ölkə - Fil Dişi Sahili və Seneqal vətəndaşlarının isə qismən səyahət məhdudiyyətləri var. İranın turnirdə iştirak edib-etməyəcəyi isə ABŞ-la İsrail arasında baş verən müharibə ilə bağlı şübhə altına düşüb.

Kanada və Meksikanın hər birinin cəmi 13 futbol üzrə Dünya Kuboku oyununa ev sahibliyi etməsi planlaşdırılsa da, hesabatda tənqidlərə məruz qalırlar.
“Amnesty International” bildirir ki, Meksika hakimiyyəti ölkədə baş verən yüksək səviyyəli zorakılığa cavab olaraq hərbçilər də daxil olmaqla, 100.000 təhlükəsizlik işçisini səfərbər edib. Qeyd olunur ki, itkin düşmüş kimi siyahıya alınan 133.000-dən çox insanla bağlı suallara cavab axtaran qadın qrupu Mexiko şəhərindəki Azteca stadionunda Dünya Kubokunun açılış matçının xaricində dinc etiraz aksiyası planlaşdırır.
Kanadaya gəldikdə, hesabatda evsiz insanların, xüsusən də ev sahibi şəhərlər -Vankuver və Torontoda daha da kənarlaşdırıla biləcəyi ilə bağlı qorxular qeyd olunur. Həmçinin, ABŞ və Meksikada olduğu kimi, Kanadanın da dinc toplaşmaq azadlığı hüququna məhdudiyyətlər qoyduğu, "Fələstin insan hüquqlarını dəstəkləyən nümayiş dalğalarına, eləcə də İsrailin soyqırımından imtina tələb edən tələbə düşərgələrinə" istinad edildiyi və polis tərəfindən "qanunsuz şəkildə dağıdıldığı" bildirilir.

Almaniyadakı “Amnesty International” təşkilatının baş katibi deyib:
"2026-cı il Dünya Kuboku futboldan daha çox repressiya ilə hədələyir. Etiraz və ya tənqid edən hər kəs Dünya Kubokunda repressiya gözləməlidir. Əgər ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin reydləri, kütləvi həbslər və giriş qadağaları davam edərsə, bu turnir dövlət tərəfindən qorxutmanın simvoluna çevriləcək".
Hesabatda tənqid olunan məsələlərin çoxu tamamilə yeni deyil və “Amnesty International” təşkilatının üzvü olduğu İdman və Hüquqlar Alyansı tərəfindən də ötən ilin dekabr ayında Vaşinqtonda keçirilən Dünya Kubokunun püşkatmasından əvvəl vurğulanıb. Xatırladaq ki, o dövrdə verilən açıqlamada qrup 2026-cı il Dünya Kubokunda "İşçilər, idmançılar, azarkeşlər, jurnalistlər və uşaqlar üçün konkret müdafiə" çağırışı etmişdi.
“Amnesty International”ın rəhbəri oxşar bir çağırış edib:
"FIFA və ev sahibi ölkələr artıq bütün iştirakçıların qorxu və təcridolmadan Dünya Kubokundan həzz almasına imkan verəcək məcburi mühafizə mexanizmləri təqdim etməlidirlər".
FİFA hələlik bu hesabata konkret cavab verməyib. Nizamnaməsinin 3-cü maddəsində futbolun idarəetmə orqanı "beynəlxalq səviyyədə tanınmış bütün insan hüquqlarına hörmət etməyə sadiq olduğunu və bu hüquqların qorunmasını təşviq etməyə çalışacağını" bildirir.
Onu da xatırladaq ki, 2025-ci ildə onun prezidenti Canni İnfantino söz vermişdi ki, "gələn il keçiriləcək FIFA Dünya Kubokunda hər kəs Kanada, Meksika və ABŞ-da xoş qarşılanacaq".
V. Quliyev