“Ermənistandakı seçkiləri izləyirik. Erməni müxalifəti, xüsusilə Robert Koçaryan və Karapetyan əsasən “Qarabağ kartı” ilə oynayır və kampaniya aparırlar. Bu da onunla bağlıdır ki, deyəcəkləri başqa sözləri, uğurlu işləri yoxdur. Yəni Qarabağ mövzusu onların əlindəki sonuncu kartdır. Onlardan fərqli olaraq, Nikol Paşinyan və komandası korrupsioner deyil, Ermənistanın azadlığı və suverenliyi uğrunda mübarizə aparırlar”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi şərhçi Əli Mustafa Ermənistanda parlament seçkiləri öncəsi aparılan seçki kampaniyası və onun mümkün nəticələrindən danışarkən deyib.
Ermənistan müxalifətinin radikal cinahını Rusiyanın tör-töküntüləri hesab edən Ə. Mustafanın fikrincə, bunlar həm də Kremlin maraqlarına xidmət göstərən qruplardır və yenidən hakimiyyətə gəlib Rusiyaya xidmət etmək niyyətindədirlər:
“Bu qüvvələrin əsas məqsədi imperiya maraqlarına xidmət etmək, Ermənistanı Rusiyanın köləsinə çevirməkdir. Ancaq bununla da işləri qurtarmayacaq. Rusiya da onların vasitəsilə Güney Qafqazda yeni “oyunlar”a başlayacaq, Azərbaycan və Ermənistan arasında qarşıdurma, Gürcüstanla problemlər yaradacaq. Yəni bu xalqları bir-biri ilə savaşdıraraq bölgəyə müdaxilə etmək və yenidən imperiya maraqlarını dirçəltməyə çalışacaq”.
Ə. Mustafanın sözlərinə görə, Ermənistanda ağıllı insanlar anlayırlar ki, nə Koçaryan, nə də Karapetyan onlara yaxşı heç nə verə bilməz:
“Onların dedikləri, irəli sürdükləri şüarlar hakimiyyətə gələnə qədərdir. Hakimiyyətə gəldikdən sonra Rusiya dərhal öz kadrlarını gətirəcək və beləcə hər şey dəyişəcək. Məncə, bu gün Ermənistan daha ciddi seçim qarşısındadır: ya geriyə - Rusiyanın qucağına, ətalətə, ya da azadlığa, suverenliyə və əsl müstəqilliyə getməlidir. Sözsüz ki, yeni mərhələyə keçid Paşinyanla mümkündür. Paşinyan bölgədə sülhün və iqtisadi əlaqələrin qurulmasının, onun müxalifəti isə savaşın tərəfdarıdır. Məncə, erməni xalqı müharibə və qanlı savaşlar istəməz. Onlar anlayırlar ki, Koçaryan və Karapetyan onlara yaxşı heç nə verə bilməz, ən yaxşı halda Ermənistanı Rusiyaya sata bilərlər. Bunu etmək üçün Qarabağ onların yeganə “kozır”ıdır”.
Siyasi şərhçi qeyd edib ki, hazırda Koçaryan da müəyyən mülahizələrlə çıxış edir, lakin onun dedikləri yalan və cəfəngiyyatdır:
“Hazırda güc balansı dəyişib. Lap Koçaryan deyil, onun üçqatı da olsa, bölgədə balansı dəyişə bilməzlər. Azərbaycanın hərbi-siyasi, iqtisadi və diplomatik gücü daha çoxdur. Odur ki, onlar erməni xalqını aldatmağa çalışırlar. Əminəm ki, onların bu cəhdi uğurlu olmayacaq”.
Ə. Mustafa sonda əlavə edib ki, N. Paşinyan mənəvi və əxlaqi baxımdan müxalifətdən daha üstündür:
“Bəli, Paşinyan Rusiyaya qarşıdır. Çünki Rusiya onlara dövlət qursa da, bu, formal xarakter daşıyıb və əslində erməniləri özündən asılı vəziyyətə salıb. Hesab edirəm ki, erməni xalqı artıq vasitə və kölə olmaq istəməyəcək”.
Nemət Orucov
Reyting.az