Ermənistanda keçirilən parlament seçkilərinin səsləri hələ də hesablanır və parlamentə düşəcək siyasi qüvvələrin dəqiq sayı, eləcə də mandat bölgüsü tam müəyyənləşməyib.
Reyting.az-ın xəbərinə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Hovakimyan jurnalistlərlə görüşündə məlumat verib.
Onun sözlərinə görə, siyasi qüvvələrin əldə etdiyi mandatların hesablanması üçün əvvəlcə seçkilərdə iştirak edən partiya və blokların topladığı "hə" səslərinin dəqiq sayı müəyyənləşdirilməlidir.
“Yenidən sayım başa çatmadan və yekun nəticələr hesablanmadan qəti fikir söyləmək mümkün deyil. Qanuna əsasən, seçki baryerini keçən siyasi qüvvələrin topladığı “hə” səsləri 101-ə vurulur və əldə olunan rəqəm mandat bölgüsündə iştirak edən siyasi qüvvələrin ümumi “hə” səslərinin cəminə bölünür. Hazırda dəqiq rəqəmlər yoxdur. Bundan əlavə, mandat bölgüsündə üç, yoxsa dörd siyasi qüvvənin iştirak edəcəyini də bilmirik. Bu isə yekun bölgüyə təsir göstərə bilər”, - deyə Hovakimyan bildirib.
MSK-nın ilkin nəticələrinə əsasən, səslər aşağıdakı kimi paylanıb:
* Vətəndaş Müqaviləsi Partiyası - 49,82 faiz
* “Güclü Ermənistan” bloku - 23,28 faiz
* “Ermənistan” bloku - 9,93 faiz
* “Çiçəklənən Ermənistan” Partiyası - 3,99 faiz.
Elektron səsvermənin nəticələri də bu mənzərəni təsdiqləyir. Hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,82 faizini toplayaraq birinci yerdə qərarlaşıb. Onu 23,28 faiz səslə Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku, 9,93 faiz səslə isə Robert Koçaryanın “Ermənistan” bloku izləyir.
Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası isə 3,99 faiz səs toplayıb. Partiya seçki baryerini keçməyə çox yaxın olduğundan, səslərin yekun hesablanmasından sonra parlamentdə təmsil olunmaq şansı qalır.
İlkin nəticələrə görə, Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası seçki baryerini aşa bilmədiyi üçün mandat bölgüsündə iştirak etməyəcək.
MSK-nın məlumatına əsasən, seçicilərin ümumi sayı 2 milyon 507 min 216 nəfər olub. Onlardan 1 milyon 477 min 736 nəfəri səsvermədə iştirak edib ki, bu da 58,94 faiz seçici fəallığı deməkdir.
Y. Qacar