Ermənistanda parlament seçkiləri başa çatdıqdan sonra müxalifət nisbətən sakitləşib. İddia olunur ki, bundan sonra iqtidar-müxalifət qarşıdurmasının əsas meydanı küçələrdən parlamentə keçəcək. Seçkilərdə müəyyən nəticə əldə edən müxalif qüvvələr hakimiyyətə qarşı fəaliyyətlərini daha çox qanunverici orqan daxilində davam etdirəcəklər.
Hərbi ekspert Azad İsazadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanda müxalifətin bir qədər sakitləşməsinin əsas səbəbi onun bir hissəsinin parlamentə daxil olmasıdır.
Onun sözlərinə görə, bundan sonra Ermənistan hakimiyyəti ilə müxalif qüvvələr arasında əsas qarşıdurma parlament daxilində baş verəcək. Xüsusilə səsvermələr zamanı müxalifət hökumətə təsir göstərməyə və ona təzyiq etməyə çalışacaq.
Parlamentdə müxalifətin 40-dan çox deputatla təmsil olunduğunu xatırladan ekspert qeyd edib ki, Baş nazir Nikol Paşinyan və komandası hakimiyyətdə qalsa da, səsvermələr zamanı müxalifətin ona təzyiq göstərmək imkanı olacaq.
A. İsazadənin fikrincə, əgər Moskvadan göstəriş gəlməzsə, erməni müxalifəti aqressiv davranmayacaq:
“Əksinə, əgər Moskvadan belə bir göstəriş verilərsə, erməni müxalifəti daha dağıdıcı və aqressiv mövqe sərgiləyəcək. Paşinyan da seçkidən sonra ilk növbədə Moskvaya yönələcək. Böyük ehtimalla qapalı görüşlərdə bildirəcək ki, əgər müxalifəti qızışdırmaqda davam etsələr, o da Rusiya ilə münasibətlərin tamamilə qopması istiqamətində addımlar atmalı olacaq”.
Müsahibimiz deyib ki, belə bir vəziyyətdə Azərbaycanla sülh sazişinin imzalanması prosesi uzana bilər:
“Kəskin dəyişiklik gözlənilmir. Sülh prosesi davam edəcək, sadəcə, sülh müqaviləsinin imzalanması uzana bilər. Mənim ehtimalıma görə, erməni hakimiyyəti çalışacaq ki, yolların açılmasının, Ermənistanın blokadadan çıxmasının və Türkiyə ilə əlaqələrin qurulmasının sadə vətəndaşların həyatında müsbət dəyişikliklər yaratdığını nümayiş etdirsin. Düşünürəm ki, Ermənistan cəmiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının müsbət nəticələrini hiss etməyənə qədər sülh müqaviləsinin imzalanması gecikə bilər. Bu, Ermənistan hökumətinin də maraqlarına uyğundur.
Üstəlik, Paşinyan komandasının bunun üçün müəyyən arqumentləri də var. Onlar iddia edə bilərlər ki, hakimiyyətdə olsalar da, konstitusion çoxluq əldə etməyiblər. Bu səbəbdən də radikal addımlar atmaqdan çəkinirlər. Bununla belə, indiyədək apardıqları siyasətdən geri çəkilməyəcək, sülh danışıqlarının davam etdirilməsində və regional əlaqələrin genişləndirilməsində maraqlı olacaqlar”.
Nemət Orucov
Reyting.az