Advert
Advert

Ermənistanın Rusiyadan qurtuluş yolu Bakı və Ankaradan keçir

Tarix:
Ermənistanın Rusiyadan qurtuluş yolu Bakı və Ankaradan keçir
Reklam

Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələrin genişlənməsi Ermənistanın yeni bazarlara çıxış imkanlarını artıraraq iqtisadi inkişafını sürətləndirə bilər. Bu əməkdaşlıq nəticəsində ölkənin xarici ticarət tərəfdaşları şaxələnər və Rusiyadan iqtisadi asılılığı tədricən azalar. Eyni zamanda, regional əməkdaşlığın güclənməsi investisiyaların artmasına, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradar. Bununla belə, bu prosesin uğuru siyasi münasibətlərin sabitliyindən və tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsindən asılıdır.

Bununla yanaşı, Ermənistanın Rusiyadan asılılığı hələ də yüksək olaraq qalır və Moskva Yerevanın digər ölkələrlə iqtisadi və siyasi əlaqələrini genişləndirməsinə müxtəlif vasitələrlə mane olmağa çalışır.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə "Reytinq" qəzetinə açıqlamasında bildirib ki, baş nazir Nikol Paşinyanın parlament seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya etməsi gözlənilən və anlaşılan addımdır.

Onun sözlərinə görə, Paşinyan Moskvadan iqtisadiyyat və energetika sahələrində müəyyən güzəştlər əldə etməyə çalışır.

A. Mollazadə deyib ki, Rusiyanın Ermənistanda ciddi maraqları var:

"Eyni zamanda, Moskvanın İrəvana iqtisadi təzyiq göstərmək imkanları da mövcuddur. Buna görə də Paşinyanın seçkilərdən sonra ilk səfərini Moskvaya etməsi anlaşılandır. Lakin Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələrinin genişlənməsinə ehtiyacı var. Bu əlaqələr nə qədər inkişaf edərsə, Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığı da bir o qədər azalacaq."

Deputatın fikrincə, hazırda Ermənistanın daxili siyasətində gərginlik müşahidə olunur və bəzi qüvvələr ölkədə vəziyyəti xaosa sürükləməyə çalışırlar:

"Mən bunu müşahidə edirəm. Seçki kampaniyası zamanı buna cəhd etsələr də, məqsədlərinə nail ola bilmədilər. Özlərini müxalifət adlandıran keçmiş hərbi canilər, Qarabağda mülki insanları qətlə yetirmiş cinayətkarlar indi Ermənistanda vəziyyəti qarışdırmaq və bu yolla hakimiyyəti ələ keçirmək niyyətindədirlər”.

A. Mollazadə qeyd edib ki, hazırda müxalifət mövqeyində çıxış edən bəzi şəxslər vaxtilə Azərbaycan vətəndaşı olublar:

"Mən Robert Koçaryanı, Serj Sarkisyanı, Seyran Ohanyanı və digər cinayətkarları nəzərdə tuturam. Onlar vaxtilə Azərbaycan vətəndaşı olublar və Azərbaycan ərazilərində cinayətlər törədiblər. Əgər Ermənistan onlardan xilas olmaq istəyirsə, bu şəxsləri Azərbaycana ekstradisiya etməlidir. Bu hərbi canilər Azərbaycan məhkəmələri qarşısında törətdikləri cinayətlərə görə mühakimə olunmalı və layiq olduqları cəzanı almalıdırlar".

Nemət Orucov
Reyting.az
 

Reklam