Fransanın paytaxtı Parisin simvolu sayılan məşhur Eyfel qülləsinin tarixi pilləkəninin kiçik hissəsi bir neçə gün öncə bu ölkədə keçirilən növbəti hərracda 450 min avroya satılıb.
Reyting.az-ın məlumatına görə, söhbət XIX əsrin sonuna aid, 14 pillədən ibarət olan, hündürlüyü 2,7 metrə çatan vintvari pilləkənin hissəsindən gedir. Bu eksponatın ilkin qiyməti 120-150 min avro dəyərində qiymətləndirilsə də, anonim fransız kolleksiyaçı pilləkənə daha yüksək məbləğə əldə edib.
Satılan pillə hissəsi vaxtilə Eyfel qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirən pilləkənin bir hissəsi olub ki, bu pilləkənlərdən 1889-cu ildə ümumdünya sərgisinin ziyarətçiləri şəhərin panoramını seyr etmək üçün istifadə ediblər.

1983-cü ildə təhlükəsizlik səbəbindən sökülən pilləkən 24 hissəyə bölünüb. Onun bəzi fraqmentləri bu gün ABŞ-ın Nyu-York şəhərində ucaldılmış "Azadlıq" abidəsinin yaxınlığında, bəzi muzeylərdə, həmçinin Yaponiyadakı şəxsi bağlarda və Disneyland ərazisində saxlanılır.
Eyfel qülləsinə məxsus olan tarixi pilləkənin kiçik hissəsinin hərraca çıxarılması ilə bağlı xəbər sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb olub. Bəzi fransızlar, eləcə də Paris sakinləri bu cür tarixi əşyaların hərrac vasitəsilə satışını birmənalı qarşılamayıblar. Belə düşünən insanların rəyinə görə, Eyfel qülləsinə məxsus olan bütün əşyalar alınıb Fransa muzeylərində saxlanılmalıdır.
Oqtay Qorçu