Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Avropa Birliyi (AB) “böyük düşünməli” və qlobal səhnədə gücünü nümayiş etdirmək üçün fürsətdən istifadə etməlidir.
Reyting.az xəbər verir ki, A. Stubb bu sözləri Finlandiyanın paytaxtında keçirilən enerji konfransında deyib.
Stubbin sözlərinə görə, AB üzvlərinin sayını 40 dövlətə çatdırmağı hədəfləməlidir; o, həmçinin Birləşmiş Krallıq, Kanada, Türkiyə, Norveç və İslandiyanı potensial üzvlük namizədləri adlandırıb.
Siyasətçi əlavə edib ki, AB-nin genişlənməsi üçün “fürsət pəncərəsi” olduqca qısadır, çünki Ukraynadakı müharibə bitəndə və bəlkə də ABŞ administrasiyası dəyişəndə insanlar qaz pedalından əl çəkib yenidən lazımsız şeylər barədə mübahisə etməyə başlayacaqlar.
“Avropanın strateji muxtariyyəti və ya Avropanın geosiyasi gücü çox vaxt ölçü və miqyasdan asılıdır. Mən inanıram ki, tarixdəki ən yaxşı Avropa siyasəti AB-nin genişlənməsi olub”,- prezident vurğulayıb.
Stubb bildirib ki, hazırda böyük və coğrafi baxımdan düşünmək lazımdır:
“Genişlənməliyik və ya heç olmasa, cəmi 40 Avropa dövlətini - hətta Avropa olmayan dövlətləri də əhatə edəcək qədər çevik bir üzvlük çərçivəsi yaratmalıyıq. AB diqqətini qərb cinahına yönəltməli və 2020-ci ildə blokdan çıxan Birləşmiş Krallığı geri alqışlamalı və ya onu mümkün qədər yaxınlaşdırmalıdır”.
Eyni zamanda, Stubbun vurğuladığı kimi, Kanada başqa bir seçim kimi nəzərdən keçirilməlidir: “Kanadanın ABŞ-ın 51-ci ştatı əvəzinə, Avropa Birliyinin 28-ci ştatı olması gözəl olmazdımı?”.
Bundan əlavə, siyasətçi bildirib ki, Ukrayna, Moldova və Gürcüstanı potensial Aİ üzvləri hesab etdikləri üçün Türkiyə haqqında da ciddi düşünmək lazımdır:
“Artıq heç kim Türkiyə haqqında danışmır və biz zehnimizi açmalıyıq ki, ən azı təhlükəsizlik baxımından Türkiyə mümkün qədər yaxın olmalıdır”.
E. Kamal