"Fransa sön dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafında təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistanla və yunan Kipri ilə strateji mittəfiqlik və hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, Cənubi Kiprdə "humanitar missiyalar" adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi haqqında yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiq edir".
Reyting.az xəbər verir ki, bunu hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.
Onun sözlərinə görə, Fransanın bu sazişləri imzalamasında əsas məqsədi Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi cəhətdən öz əhatə dairəsinə almaq, bir növ Türkiyə ətrafındakı çəmbəri daraltmaqdır.
Q. Əlibəylinin fikrincə, Türkiyənin Cənubi Qafqazda söz sahibi olması, Avropanın enerji təchizatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli rol oynaması Fransanı və Makronu ciddi narahat edir:
“Görünən odur ki, Fransa bir tərəfdən Ermənistanı silahlandırmaq, digər tərəfdən də Kiprin yunan kəsimi ilə hərbi əməkdaşlığı gücləndirməklə onları Türkiyəyə qarşı qoymağa çalışır. Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirməsi ideyası gələcəkdə bölgədə Türkiyəyə qarşı hansısa təxribatlara hazırlığın başlanğıcı hesab oluna bilər".
Əlibəyli hesab edir ki, Fransanın Cənubi Kiprdə hərbi kontingentini yerləşdirməsi mümkün olsa da, onun bundan təxribat kimi yararlanması nəticə verməyəcək. Yəni belə edərsə, Paris sözsüz ki, layiqli cavabını alacaq: “Türkiyə ilə zarafat etmək olmaz. Fransa Türkiyədən fərqli olaraq NATO-nun hərbi blokunda təmsil olunmur. Türkiyə təşkilatda hərbi cəhətdən ikinci güclü dövlətdir. Hazırda Avropa da təhlükəsizlik məsələsində daha çox Ankaraya etibar edir, nəinki Parisə. Eyni zamanda Fransanın bu addımı cavabsız qalmamalıdır. Cavab olaraq, Türkiyə çəkindirici addım kimi Cənubi Qafqazda və Şimali Kipr Türk Cümhuriyyətində özünün hərbi kontingentini gücləndirməlidir".
N. Orucov