“Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda çıxışı zamanı sülhə mane olan, hələ ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə onun üzvü olan dövlətlərin apardığı ikiüzlü siyasəti şərh etdi, eləcə də bəzi ölkələrin Cənubi Qafqazda sülhə maneə yaradan davranışlarını qiymətləndirdi. Qeyd edim ki, Fransa ATƏT-in daha çox turist səfərləri həyata keçirən Minsk qrupunun üzvü olduğu dövrdə daim Ermənistanı dəstəkləyib, onun maraqlarından çıxış edib. Bu, indi də belədir. Açıq demək olar ki, Fransa hökuməti erməni diasporasının diktəsi ilə hərəkət edir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Zəngilan və Cəbrayılda vətəndaşlarla görüşü zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Deputat deyib ki, erməni diasporası hazırda sülhdən daha çox müharibə tərəfdarıdır və onun Fransa hökumətinə ciddi təsiri mövcuddur: “Fransa məhz bu səbəbdən regionda özünü sülh tərəfdarı kimi göstərsə də, əslində davranışları bunun əksini nümayiş etdirir. Bu baxımdan hesab edirəm ki, cənab Prezident Fransa ilə yanaşı, Avropa Parlamenti, Avropa Şurası və digər qurumların anti-sülh fəaliyyətinə ədalətli qiymət verib, həqiqətləri açıqlayıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına həyata keçirib və hazırda regionda əsas sülh təşəbbüskarına çevrilib”.
A. Mollazadə hesab edir ki, Azərbaycan doğru yolla irəliləyir: “Biz Qarabağ problemini həll etmişik, Ermənistanla sülh məqsədilə dialoq aparırıq. Proses davam edir və ümid edirəm ki, sülh sazişi əldə olunacaq”.
Regionda marağı olan qüvvələrin mövcudluğuna da toxunan A. Mollazadə əlavə edib ki, Rusiyanın imperiya ambisiyaları var, regionda daim qalmaq, həm də güclü və təsirli olmaq niyyətindədir: “Üstəlik, Amerikanın da müəyyən maraqları var və ABŞ-da güclü erməni lobbisi mövcuddur. Fransanın davranışları da ortadadır. Mənim qənaətimcə, Fransa hökuməti daxildə ciddi sosial-iqtisadi problemlərlə üz-üzədir, qarşıdan isə seçkilər gəlir. Bu səbəbdən diasporanın dəstəyini qazanmağa çalışır və onların istəyi əsasında hərəkət edir”.
Mollazadə sonda qeyd edib ki, bütün bunların fonunda Azərbaycanın bir məqsədi var: “Qarabağı dirçəltmək, inkişaf etdirmək, infrastruktur qurmaq. Gördüyünüz kimi, bu istiqamətdə işlər görülür, obyektlər istifadəyə verilir, qayıdış prosesi davam edir, Qarabağda həyat tədricən canlanır. Bizim üçün vacib olan da budur”.
Nemət Orucov
Reyting.az