Avstraliyada, Sidney şəhərinin yaxınlığında Bredfild adlı “gələcəyin şəhəri”nin tikintisinə başlanılması barədə bir neçə gün öncə yayılan məlumat yerli və xarici ekspertlər tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Bəzi ekspertlərin fikrincə, bu layihənin həyata keçirilməsi üçün elə də uyğun zaman seçilməyib.
Reyting.az xəbər verir ki, ekspertlərin rəyinə görə, şəhərin layihəsi cəlbedici olsa da, tələsməyə ehtiyac yoxdur.
Lakin yerli və avropalı mütəxəssislər arasında bu layihənin uğurlu olacağına böyük ümid bəsləyənlər də var. Onlar xüsusilə qeyd edirlər ki, “gələcəyin şəhəri” dünyanın ən gözəl məkanlarından birinə çevrilə bilər.

Artıq tikintisinə start verilən bu layihə son 100 ildə Avstraliya ərazisində sıfırdan qurulan ilk böyük şəhər olacaq.
Yayılan məlumatlara görə, şəhərin ümumi sahəsi 114 hektar olacaq. Layihəyə əsasən, burada 10 min yaşayış evi, universitet kampusu, geniş yaşıllıq zonaları, innovativ istehsal mərkəzi və digər obyektlər yaradılacaq.
“Gələcəyin şəhəri” adlandırılan Bredfild eyni zamanda mərkəzi əhəmiyyətə malik əraziyə çevriləcək. Mütəxəssislərin bildirdiyinə görə, yeni şəhər Sidney aeroportunun yaxınlığında, şəhər mərkəzindən təxminən 50 kilometr qərbdə yerləşir.
Şəhərin baş planı “Skidmore, Owings & Merrill” və Avstraliyanın tanınmış tərtibatçı studiyalarından biri olan “Hassell” tərəfindən hazırlanıb.
Artıq inşasına başlanmış “gələcəyin şəhəri”nin tikintisi üçün dövlət tərəfindən 1 milyard dollar investisiya ayrılıb və layihənin ilk mərhələsinin 5 il ərzində tamamlanması planlaşdırılır.

Məlumata görə, ilk bina artıq inşa olunub. Növbəti mərhələdə ərazidə innovativ texnologiyalar test ediləcək, yağış suları toplanaraq yenidən istifadə olunacaq.
Tikinti üzərində çalışan şirkətlərin nümayəndələri bildiriblər ki, şəhər ekoloji cəhətdən “yaşıl məkan” olacaq və davamlı inkişaf prinsipləri əsasında qurulacaq.
Oqtay Qorçu