Ən varlı şəxslərin siyahısında rekord göstəricilər qeydə alınıb. “Forbes” nəşrinin bu il üçün təqdim etdiyi siyahıda ümumilikdə yaşı 30-dan aşağı olan 35 biznesmen milyarder statusu qazanıb. Onların ümumi sərvəti 92,4 milyard dollardır.
Reyting.az xəbər verir ki, siyahıya düşən gənc milyarderlərin əksəriyyətinin sərvətlərini miras yolu ilə əldə etdiyi məlum olsa da, bununla belə, bu il “self-made” kateqoriyası üzrə rekord göstəricinin qeydə alındığı vurğulanıb. Statistikaya görə, 12 nəfər öz kapitalını müstəqil şəkildə formalaşdıraraq milyarder olub.
Ən gənc milyarderlər 22 yaşlı Surya Midha, Brendan Fudi və Adarş Hirematdır. Onlar süni intellekt sahəsində fəaliyyət göstərən “Mercor” startapının qurucularıdır. Bu iş adamlarının hər birinin sərvəti 2,2 milyard dollar dəyərindədir.
29 yaşlı braziliyalı iş xanımı Luana Lopes Lara isə uğurlu nəticələr əldə edən proqnoz bazarı platforması “Kalshi” sayəsində kapitalını artıraraq 1,3 milyard dollarlıq sərvətə sahib olub və ən gənc qadın milyarderlər sırasına daxil edilib.
Süni intellekt sahəsində milyarder olanlar arasında 26 yaşlı Fabian Hedin, həmçinin “Cursor” şirkətinin qurucuları Maykl Truell (25 yaş), Aman Sanqer (25 yaş) və 26 yaşlı Arvid Lunnemark da yer alır.
Dünyanın ən gənc milyarder qadını isə 20 yaşlı braziliyalı Ameli Foyqt Trecesdir. Onun “Forbes” siyahısında yer almasının əsas səbəbi Braziliyanın ən böyük sənaye avadanlıqları istehsalçılarından biri olan “WEG” şirkətindəki payını babasından miras almasıdır.
Siyahıya əsasən, dünyada 35 gənc milyarder var. Onlardan 8-i ABŞ, 13-ü Avropa, 6-sı isə Asiya vətəndaşıdır.
Siyahıda norveçli biznesmen Aleksandra Andresen (2,5 milyard dollar), “Kalshi”nin həmtəsisçisi və 1,3 milyard dollarlıq sərvətin sahibi olan Livan əsilli amerikalı iş adamı Tarik Mansur, çinli biznesmen Van Czelun (1,2 milyard dollar), İrlandiyada fəaliyyət göstərən və ABŞ bazarında rəqabət aparan, 30 böyük şirkəti özündə birləşdirən “Tata” qrupunun yeganə varisi Firuz Mistri (3,1 milyard dollar), “Scale AI” şirkətinin qurucusu və 3,2 milyard dollarlıq sərvətin sahibi Aleksandr Van, eləcə də braziliyalı Dora Foyqt de Assisin (1,4 milyard dollar) adları da yer alıb.



Oqtay Qorçu