“Ardıcıl dörd aydır ki, Ukraynanın pilotsuz sistem bölmələri düşmənin cəlb etdiyindən daha çox rus işğalçısını öldürür”.
Reyting.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Aleksandr Sırski deyib.
O, Ukrayna Müdafiə Qüvvələrinin strateji təşəbbüsü qoruduğunu və Rusiya qoşunlarının genişmiqyaslı hücuma başlamasının qarşısını aldığını vurğulayıb.
Onun sözlərinə görə, üstünlüyün əsas amillərindən biri pilotsuz qüvvələrdir. Bu bölmələr hazırda düşmənə qarşı ən kütləvi və effektiv zərbələr endirir.
“2025-ci ilin dekabr ayından başlayaraq ardıcıl dörd aydır ki, pilotsuz sistem bölmələrimiz Rusiyanın döyüşə cəlb etdiyindən daha çox düşmən heyətini məhv edir”, - deyə Sırski bildirib.
Rəis əlavə edib ki, pilotsuz sistemlərin inkişafı ilə bağlı iclasda mart ayının nəticələri ümumiləşdirilərək təhlil edilib:
Mart ayında fevral ayı ilə müqayisədə pilotsuz sistem bölmələrimiz tərəfindən vurulan düşmən heyətinin ümumi itkilərinin sayı 29 faiz artıb. Orta hesabla pilotsuz uçuş aparatları bölmələri artıq gündə 11.000-dən çox döyüş tapşırığı yerinə yetirir. Bundan əlavə, mart ayında məhv edilən təsdiqlənmiş hədəflərin sayı fevral ayı ilə müqayisədə 50 faiz artaraq 150.000-dən çox olub”.
O, həmçinin Ukrayna orta zərbə aktivlərinin artan effektivliyini də vurğulayıb: “Əməliyyat dərinliyində (30-120 km) təxminən 350 zərbə endirilib. Biz düşmənin 143 logistika və anbar obyektini, Rusiya ordusunun 52 komanda məntəqəsini, düşmənin 20 neft və enerji sənayesi obyektini məhv etdik”.
Sırskinin iddiasına görə, yerüstü robot sistemləri mart ayında yerinə yetirilən tapşırıqların sayını fevral ayı ilə müqayisədə 50 faizdən çox artırıb.
“Düşmən də yerində dayanmır. Aprelin əvvəlinə olan kəşfiyyat məlumatlarına görə, işğalçılar pilotsuz uçuş aparatları qüvvələrinin sayını 101.000 hərbçiyə çatdırıb və 2026-cı ilin sonuna qədər bu rəqəmi 165.500-ə çatdırmağı planlaşdırırlar”,- deyə general yekunlaşdırıb.
V. Quliyev