Advert
Advert

General: Türkiyə NATO üçün mərkəzi rol oynayacaq

Tarix:
 General: Türkiyə NATO üçün mərkəzi rol oynayacaq
Reklam

Güclü və strateji müttəfiq olan Türkiyə müdafiə sənayesi, hərbi imkanları və geosiyasi mövqeyi ilə NATO-da mərkəzi rol oynayacaq.

Reyting.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone bildirib.

"Bu gün deyə bilərəm ki, irəliləyirik. Bir vaxtlar təhlükələrə sadəcə reaksiya verirdik, indi isə artıq hərəkətdəyik. Əlbəttə, irəliləyişin tempi müzakirə oluna bilər, lakin düzgün istiqamətdə getdiyimiz aydındır",- deyə o qeyd edib.

Kavo Draqone vurğulayıb ki, bütün müttəfiqlər mövcud təhlükələrin fərqindədirlər. Onun sözlərinə görə, ötən il Haaqa Sammitində müdafiə xərclərinin artırılması ilə bağlı verilən vədlərin artıq konkret addımlarla müşayiət olunacağına ümid edilir.

"İndi həmin vədlərin həyata keçirilməsini görmək istəyirik. Bu, düzgün yanaşmadır. Məqsədimizə tam çatmışıqmı? Xeyr. Qarşıda görüləcək çox iş var. Ancaq əminəm ki, düzgün istiqamətdə irəliləyirik. NATO bu gün daha güclü və daha qətiyyətlidir. Müasir dünyanın ehtiyac duyduğu ittifaq da məhz budur", - deyə admiral bildirib.

NATO-nun transformasiya dövründə Hərbi Komitəyə rəhbərlik etdiyini xatırladan K. Draqone etiraf edib ki, müttəfiqlər arasında fikir ayrılıqları müəyyən prosesləri ləngidə bilər. Bununla belə, o, Alyans daxilində əməkdaşlığın üstünlüklərinin bu çətinliklərdən daha çox olduğunu vurğulayıb.

ABŞ-ın Avropadakı hərbi iştirakının mümkün azalmasına da toxunan admiral bildirib ki, Avropa bu boşluğu doldurmaq iqtidarındadır.

"Bu balanssızlıq artıq bir il əvvəl özünü göstərmişdi və biz müdafiə potensialımızı yenidən formalaşdırmaq istiqamətində çalışırıq. NATO strukturlarına investisiyalarla bağlı daha böyük öhdəlik mövcuddur. Əlbəttə, bəzi sahələrdə nəticə əldə etmək zaman tələb edir. Bunları bir gecədə həyata keçirmək mümkün deyil. Amma inanıram ki, uğur qazanacağıq", - deyə o əlavə edib.

Türkiyənin NATO daxilindəki rolundan danışan Draqone bildirib ki, Türkiyə Alyansın ikinci ən böyük ordusuna malik güclü müttəfiqdir və bu, onun əsas üstünlüklərindən biridir.

"Türkiyə Qara dəniz, Aralıq dənizi və Yaxın Şərqin kəsişməsində yerləşən mühüm geostrateji mövqeyə malikdir. O, artıq həm coğrafi, həm də hərbi baxımdan NATO üçün mühüm rol oynayır. Bu yaxınlarda Türkiyənin müdafiə sənayesi müəssisələrini ziyarət etdim və gördüklərim məni həqiqətən heyran etdi.

Mənim qiymətləndirməmə görə, Türkiyə güclü müttəfiqdir və gələcəkdə daha da güclənəcək. Müdafiə sənayesinə yatırılan investisiyalar, istehsal sürəti və sifarişlərin vaxtında yerinə yetirilməsi baxımından Türkiyə digər müttəfiqlər üçün nümunə ola bilər. Coğrafi baxımdan Alyansın cənub-şərq cinahında yerləşsə də, bir çox strateji məsələlərdə NATO-nun mərkəzi rolunu oynayır. Biz Türkiyəyə etibar edirik və onu müttəfiq kimi görməkdən məmnunuq", - deyə NATO Hərbi Komitəsinin rəhbəri bildirib.

Y. Qacar
 

Reklam