Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, bəstəkar, alim və pedaqoq Aydın Əzimovin 80 yaşı tamam olur.
Reyting.az xatırladır ki, 1946-cı il mayın 1-də Bakının Əmircan qəsəbəsində anadan olan Aydın Əzimov hələ erkən yaşlarından musiqiyə böyük maraq göstərmiş, istedadı ilə seçilərək peşəkar yaradıcılıq yoluna qədəm qoymuşdur. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil almış, dahi bəstəkar Qara Qarayevin sinfində formalaşmışdır. Qarayevin “Aydın mənim sinfimin briliantıdır”,- fikri onun istedadına verilən yüksək qiymətdir.

Bəstəkarın yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, simfonik əsərlər, kamera musiqisi, teatr və kino musiqiləri ilə Azərbaycan musiqi xəzinəsinə mühüm töhfələr vermişdir. Uzun illər Azərbaycan Televiziya və Radio sistemində çalışan sənətkar həm yaradıcı, həm də təşkilatçı kimi bu sahənin inkişafında mühüm rol oynamışdır.
Aydın Əzimovun yaradıcılığında teatr musiqisi xüsusi yer tutur. O, müxtəlif dövrlərdə bir sıra tanınmış rejissorlarla əməkdaşlıq etmiş, bir çox uğurlu tamaşalara musiqi bəstələmişdir. Bu əsərlər ona beynəlxalq teatr festivallarında mükafatlar qazandırmış, Azərbaycan teatr sənətinin inkişafına ciddi təsir göstərmişdir.

Bəstəkarın Azərbaycan mədəniyyəti qarşısında ən mühüm xidmətlərindən biri 1989-cu ildə Azərbaycan Respublikasının Dövlət Himninin bərpasıdır. O, Üzeyir Hacıbəyli tərəfindən bəstələnmiş melodiyanı yenidən işləyərək orkestr və xor üçün uyğunlaşdırmış və xalqımıza təqdim etmişdir. Bu addım milli-mənəvi dəyərlərimizin dirçəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Aydın Əzimov həm də elmi-pedaqoji fəaliyyəti ilə seçilir. O, muğam, aşıq və dini musiqi sahəsində apardığı tədqiqatlarla musiqişünaslığa mühüm töhfələr vermiş, yeni nəslin formalaşmasında mühüm rol oynamışdır. Uzun illər həm Azərbaycanda, həm də Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

2010-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən sənətkar bu gün də yaradıcılığını davam etdirir, Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfə verməkdədir.
Aydın müəllimi təbrik edir, ona uğurlar arzulayırıq!
