"Miss Qlobal Venesuela 2024-2025" titulunun sahibi olan Andrea del Val Kann Film Festivalı zamanı hotel otağında hücuma məruz qaldığını bildirib.
Reyting.az-ın məlumatına görə, model iddia edir ki, məşhur stilist Giovanni Laguna onu üzündən yaralayıb.
29 yaşlı model sosial media hesabında qan içində çəkilmiş görüntülərini paylaşaraq "Baxın, Giovanni Laguna mənə bunu etdi", - sözlərini qeyd edib.

Paylaşılan videoda hotel otağının dağıdılmış vəziyyətdə olduğu da görünür.
Xarici KİV-in məlumatına görə, hoteldən gələn qışqırıq və dava səslərindən sonra hadisə yerinə polis çağırılıb. Məlumata əsasən, hadisədən sonra Giovanni Laguna saxlanılıb.
Andrea del Val mübahisə zamanı üzündən xəsarət alıb və xəstəxanaya aparılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
Qeyd olunur ki, Giovanni Laguna Latın Amerikası gözəllik müsabiqələri dünyasında tanınan simalardan biridir və 2023-cü ildən Kolumbiya Gözəli müsabiqəsinin kreativ direktoru kimi fəaliyyət göstərib.(Milli.az)