Advert
Advert

Gürcüstan Rusiya neftini almaqdan imtina edib

Tarix:
Gürcüstan Rusiya neftini almaqdan imtina edib
Reklam

Gürcüstanın yeganə neft emalı zavodu olan Kulevi limanındakı Kulevi neft emalı zavodunu idarə edən Black Sea Petroleum (BSP) artıq Rusiya neftini almayacaq. 

Reyting.az-ın xəbərinə görə, şirkətin açıqlamasında deyilir ki, 2026-cı ilin avqust-sentyabr aylarından başlayaraq neft emalı zavodu “yalnız Rusiya mənşəli olmayan” xam nefti emal edəcək. 

Şirkət bu addımı “xammalın şaxələndirilməsi” adlandıraraq bəyan edib ki, bu, Black Sea Petroleum məhsullarının yüksək gəlirli bazarlara çıxışına imkan yaradacaq. 

Fevral ayında Avropa Birliyi Kulevi neft terminalının Rusiya neftinin təkrar ixracında mümkün iştirakı və limana gələn kölgə tankerlərindən istifadə etməklə Avropa məhdudiyyətlərini aşması səbəbindən sanksiya siyahısına əlavə edilməsini müzakirə edib. Martın əvvəlində Aİ qarşıdan gələn 20-ci sanksiya paketinin bir hissəsi olaraq məhdudiyyətlərə məruz qalan qurumların ilkin siyahısına BSP-ni əlavə edib. Lakin bundan sonra Gürcüstan hakimiyyəti limanı sanksiya tətbiq edən Rusiya tankerləri üçün tamamilə bağlamağı və xam neftin təkrar ixracını dayandırmağı öhdəsinə götürüb. Ayın sonunda şirkətin baş direktoru David Potsxveriya Rusiyadan xam neft idxalından tamamilə imtina etdiyini açıqlayıb.

O, BSP-nin mövcud Rusiya xam neftini tamamilə əvəz etmək məqsədi ilə Türkmənistan və Qazaxıstan xam nefti ilə, eləcə də digər alternativ mənbələrdən neftlə təchiz etməyə başlayacağını bildirib. Nəticədə, Aİ Kulevi terminalını qarşıdan gələn sanksiya paketindən çıxarılıb.

V. Quliyev
 

Reklam