Advert
Advert

Hərbi ekspert: ABŞ sərt cavab verməsə, İran təxribatlarını davam etdirəcək

Tarix:
Hərbi ekspert: ABŞ sərt cavab verməsə, İran təxribatlarını davam etdirəcək
Reklam

İranla ABŞ arasında davam edən gərginlik regionun təhlükəsizliyi üçün ciddi risklər yaradır. Tehranın ABŞ mövqelərinə yönələn hücumları Vaşinqtonun cavab tədbirləri ilə qarşılanır ki, bu da qarşıdurmanın daha da dərinləşməsinə səbəb olur. Tərəflər arasında hərbi təzyiqin artması regional sabitliyi sarsıdır və yeni münaqişə ocaqlarının yaranması ehtimalını gücləndirir.

Hərbi ekspert Azad İsazadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, görünür, İran ABŞ-ın müharibəni davam etdirmək istəmədiyini hiss edib.

A. İsazadənin sözlərinə görə, ABŞ daxili problemləri səbəbindən İranla hansısa formada razılığa gəlməyə çalışır:

“İran isə bir növ ABŞ-ın əsəbləri ilə oynayır, düşünülmüş şəkildə onu qıcıqlandırır. Reallıq ondan ibarətdir ki, ABŞ Prezidenti Tramp daim deyir ki, vurub dağıdaram, məhv edərəm və sair. Amma praktikada bunu etmir. Çünki qaynar müharibənin başlaması ona sərf etmir”.

Hərbi ekspert xatırladıb ki, son qarşıdurmaya İranın ABŞ-a məxsus helikopteri vurması səbəb olub:

“Adətən Tramp daha kiçik hadisələrə görə belə sərt reaksiya verirdi. Məsələn, ilk prezidentliyi dövründə Bağdad hava limanında raket zərbəsi ilə general Qasım Süleymanini öldürmüşdü. İndi isə təsəvvür edin ki, ABŞ hərbçiləri bölgədə yerləşdiyi halda İran onların helikopterini vurur. Buna baxmayaraq, real cavab verilmir. Əvəzində İran ərazisində hansısa obyektlərə məhdud zərbələr endirilir, radar və ya radiolokasiya sistemlərinin vurulduğu bildirilir. Lakin həmin obyektlərin həqiqətən məhv edilib-edilmədiyi dəqiq məlum deyil”.

İsazadə hesab edir ki, ABŞ son hadisəyə görə İrana kifayət qədər sərt reaksiya verməyib:

“Digər tərəfdən, aydındır ki, hazırda İranda əsas söz sahibi siyasətçilər deyil, SEPAH generallarıdır və real hakimiyyət onların əlində cəmləşib. Onlar isə gərginliyin və müharibənin davam etməsində maraqlıdırlar. Çünki müharibə dayansa, hərbçilər faktiki hakimiyyəti yenidən mülki idarəetməyə təhvil verməli olacaqlar. O cümlədən dini rəhbərlik əvvəlki təsir imkanlarını bərpa edəcək. Görünən odur ki, generallar bunu istəmirlər”.

Müsahibimiz istisna etmir ki, ABŞ İrana daha ciddi cavab verməsə, Tehran vaxtaşırı təxribat xarakterli addımlar atmağa davam edəcək:

“Üstəlik, məlumdur ki, İsrail müharibənin davam etməsində maraqlıdır. Onlar Trampa təzyiq göstərərək hərbi əməliyyatların yenidən genişlənməsinə çalışırlar. İstisna etmirəm ki, İsrail və İran arasında döyüşlər yenidən başlaya bilər. Xatırladaq ki, Netanyahu son çıxışlarından birində bildirmişdi ki, İranla mümkün müharibədə tək qala bilərlər və buna hazırlaşmalıdırlar. Bu baxımdan yeni qarşıdurma ehtimalı qalır. Lakin düşünmürəm ki, ABŞ belə bir müharibədə birbaşa iştirak etsin”.

Nemət Orucov

Reyting.az
 

Reklam