Advert
Advert

Hərbi əməliyyatlar hər an başlaya bilər

Tarix:
Hərbi əməliyyatlar hər an başlaya bilər
Reklam

“ABŞ bu müharibədə İrana uduzub. Söhbət siyasi və ideoloji məğlubiyyətdən gedir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev ABŞ-İran müharibəsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp peşəkar siyasətçi deyil və hər an fikrini dəyişə bilər.

Professor əlavə edib ki, İran danışıqlarda çox təcrübəlidir.

C. Nuriyev ehtimal edir ki, hazırda İran səbirlə gözləyir: “Eyni zamanda müharibənin gördüyümüz ssenaridə inkişafı İranı müəyyən qədər ruhlandırıb. Hamımızın gördüyümüz kimi, müharibə zamanı iranlılar ölkələrini tərk etmədilər. Diqqət etsəniz, İran xarici işlər naziri Abbas Əraqçı Çinə səfər etdi, sonra ABŞ dövlət katibi Rubio Pekində danışıqlar apardı və daha sonra Pekinə minnətdarlıq edildi. Yəni bunlar təsadüfi deyil”.

C. Nuriyev qeyd edib ki, ABŞ və İran arasında müharibənin başa çatdığını, hərbi əməliyyatların dayandığını demək hələ tezdir. Onun fikrincə, tərəflər arasında anlaşılmazlıqlar qaldığı üçün gələcəklə bağlı rəy bildirmək olduqca çətindir:

“Ancaq dünya qəbul edir ki, ABŞ BMT tələblərini pozaraq müharibəyə başlayıb. Hazırda müharibə bitməyib. Trampın düşünülməmiş addımları var, belə addımları yenidən ata bilər. Eyni zamanda prezident Trampı qarşıda aralıq seçkilər gözləyir. O, Konqresin razılığı olmadan 60 gün müddətinə hərbi əməliyyat və ya müharibə apara bilər. Odur ki, 60 gün başa çatanda Tramp müharibəni dayandırdığını elan etdi və bununla Konqresdə ona qarşı ola biləcək həmlənin qarşısını aldı. Ancaq sözsüz ki, Tramp yenə nəsə edə bilər”.

Nuriyev hesab edir ki, ABŞ-ın tələblərinin İran tərəfindən qəbul edilməsi mümkünsüzdür:

“Amerikanın bu müharibədə “dişi sındı”. Məsələn, Rusiya planlaşdırırdı ki, qısa müddətdə Kiyevi işğal edəcək, Ukraynanı nəzarətə götürəcək. Ancaq Kremlin bu istəyi alınmadı. Amerikanın İranla bağlı siyasəti də Rusiyanın Ukrayna siyasətinin uğursuzluğuna bənzəyir”.

Nuriyev qeyd edib ki, ABŞ-İran müharibəsi indi dayansa da, hərbi əməliyyatlar hər an yenidən başlaya bilər:

“Sadəcə, hadisələr sürətlə inkişaf edir və tərəflərin atacağı addımlar gözlənilməz ola bilər. Odur ki, dəqiq proqnoz vermək çətindir. Ancaq hesab edirəm ki, müharibə davam edəcək”.

Nemət Orucov
Reyting.az
 

Reklam