2050-ci ildə dünya əhalisinin sayı təxminən 10 milyard nəfərə çatacaq.
Reyting.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının proqnozunda bildirilir.
Hazırda Yer kürəsində 8 milyard insan yaşayır. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, əhali artımının ən önəmli səbəbləri əsasən ömür uzunluğu, urbanizasiya və miqrasiyanın genişlənməsidir.
Yaxın gələcəkdə əhali artımının əsas hissəsi daha çox aşağı gəlirli ölkələrin payına düşəcək. Xüsusilə də Afrikada 2050-ci ilədək əhalinin təxminən iki dəfə artacağı proqnozlaşdırılır. Bununla yanaşı, yaxın illərdə Çində əhali sürətlə azalacaq, Hindistanda isə bir neçə onilliklər boyu artmaqda davam edəcək.
Qeyd olunur ki, Avropa məkanında əks tendensiya müşahidə olunur. Hesabata görə, son illər doğuşların azalması səbəbindən bir sıra ölkələrdə əhali sayı orta hesabla 15 faizədək enəcək. Ekspertlər bildiriblər ki, bütün bunlar iqtisadi qeyri-sabitlik, yüksək yaşayış xərcləri və əmək bazarındakı çətinliklərlə əlaqəlidir.
Bu arada, İsveçrədə əhali artımının məhdudlaşdırılması ilə bağlı referendumun keçiriləcəyi barədə məlumatlar yayılıb. İsveçrə hökuməti tərəfindən irəli sürülən yeni təklifə əsasən, bu ölkədə ümumi əhali sayının 10 milyonadək məhdudlaşdırmaq nəzərdə tutulur. Bu təşəbbüsün tərəfdarları reallığı infrastruktur və mənzil problemləri ilə izah etsələr də, biznes dairələri belə gözlənilməz təklifin iqtisadiyyata, xüsusilə əmək bazarına mənfi təsir göstərəcəyindən narahatlıq ifadə ediblər.
Ekspertlərin fikrincə, dünya əhalisinin yaxın gələcəkdə artması təbii resurslara, səhiyyə sisteminə, infrastruktura təzyiqi yüksəldəcək, həmçinin qlobal problemləri daha da artıracaq.
Oqtay Qorçu