Advert
Advert

Hantavirus təhlükəsi: ABŞ-da fövqəladə vəziyyət elan olunub

Tarix:
 Hantavirus təhlükəsi: ABŞ-da fövqəladə vəziyyət elan olunub
Reklam

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hantavirus hallarını “3-cü səviyyəli fövqəladə vəziyyət” kodu altında qeydə alıb.

Reyting.az xəbər verir ki, ABC telekanalı öz mənbələrinə istinadən CDC-nin hantavirus halları ilə əlaqədar Təcili Əməliyyatlar Mərkəzini aktivləşdirdiyini bildirib.

Bundan əlavə, qeyd olunur ki, CDC-nin hantavirus hallarını “3-cü səviyyəli fövqəladə vəziyyət” kodu altında yerləşdirməsi fövqəladə halların ən aşağı səviyyəsi hesab olunur. Bu isə ictimaiyyət üçün riskin aşağı olaraq qaldığını, lakin vəziyyətin İctimai Səhiyyə Agentliyi tərəfindən fəal şəkildə izlənildiyini göstərir.

Xatırladaq ki, Qərbi Afrikada yerləşən Kabo-Verdeyə səfər edən “MV Hondius” gəmisinin sərnişinlərində hantavirus aşkarlanıb və yoluxan 3 nəfər həyatını itirib. Hazırda Avropanın bəzi ölkələrində də yoluxma hallarına rast gəlinir.

Qeyd edək ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılan xəstəlik kimi tanınır. Virus gəmiricilərin qurumuş nəcisi, sidiyi və tüpürcəyi ilə çirklənmiş havanın tənəffüs edilməsi, eləcə də gəmiricinin dişləməsi və ya cızması nəticəsində ötürülə bilər. Xəstəlik qızdırma, yorğunluq və əzələ ağrıları kimi simptomlarla müşahidə olunur.

Tənəffüs çatışmazlığına səbəb ola bilən virus bəzi hallarda daxili qanaxma və böyrək çatışmazlığı ilə də özünü göstərə bilər.

V. Quliyev
 

Reklam