Advert
Advert

Hay seçici ağıla, yoxsa nağıla səs verəcək?

Tarix:
Hay seçici ağıla, yoxsa nağıla səs verəcək?
Reklam

Ermənistanın gələcək taleyini sabah qutudan kimin çıxacağı həll edəcək

Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ikinci dəfə seçki məntəqəsinə dəvət olunan erməni elektoratı sabah, həqiqətən də, çətin tarixi seçimlə üz-üzədir. Beş il əvvəl müharibədə məğlub olmuş baş nazirə məhz sülh istəyi ilə səsini verən vətəndaşların öz seçimini təkrar edəcəkləri gözlənilsə də, hadisələrin kənar qüvvələrin prosesə müdaxiləsi nəticəsində idarəolunmaz xaosa sürüklənəcəyini proqnozlaşdıranlar da var. Hakimiyyətin siyasi seçimi isə birmənalıdır: Ermənistan Avropa İttifaqına daxil olmağı hədəfləyir və ABŞ ilə Cənubi Qafqazda vacib nəqliyyat dəhlizi olacaq “Tramp yolu”nun açılmasına razılıq verib.

Bundan başqa, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün konkret addımlar atıb. Buna görə də 2026-cı il parlament seçkiləri təkcə iqtidar üçün deyil, həm də xalq üçün geosiyasi seçim anıdır. Bu anı şərtləndirən əsas sual isə hərb, yoxsa sülhdür? Seçki qutusundan hansı cavab çıxacaq? Proqnozlar özünü doğrultmasa, nə baş verəcək? Suallarımza cavabı ölkənin tanınmış siyasi ekspertlərinin iştirakı ilə aramağa qərar verdik.

***

Milli Məclisin deputatı Cavanşir Feyziyev Ermənistanda ictimai-siyasi vəziyyəti yaxından izlədiyini, seçkiqabağı təbliğat dövründə kifayət qədər kənar müdaxilələrin baş verdiyini bildirdi: “Xüsusilə Rusiya həm rəsmi Kreml səviyyəsində, həm də hakimiyyətyönlü media vasitəsilə Ermənistandakı proseslərə kobud müdaxilə edib və bunu hələ də davam etdirir. Amma hesab edirəm ki, Moskvanın bu cəhdləri Ermənistandakı rusiyayönümlü siyasi qüvvələrə öz tərəfdarlarının sayını artırmaq şansını yaratmır. Paşinyan hökuməti vaxtaşırı olaraq Rusiyadan dəstək alan siyasi qüvvələri ifşa edir və nəticədə onların seçki reytinqi getdikcə azalır. Məsələn, hələ seçkilərə 3 ay qalmış aparılan rəy sorğusunda Paşinyanın reytinqi 30 faiz təşkil edirdisə, indiki sorğular bu rəqəmin 60 faizdən yuxarı olduğunu göstərir. Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının seçkilərdə qalib gələcəyini indidən söyləmək mümkündür”.

Hazırda Paşinyan tərəfdarlarının, sadəcə, digər rəqiblərdən daha çox səs toplamaq üçün yox, yeni parlamentdə konstitusion çoxluğa nail olmaq uğrunda çalışdıqlarına diqqət çəkən deputat onların seçkilərdə konstitusion çoxluğu əldə etməyə və şəriksiz hökumət qurmağa şanslı olduqlarını dedi: “Əgər bu baş verərsə, Ermənistanda həyata keçməli olan islahatların yolu açılmış olacaq. Belə bir vəziyyət Azərbaycanla sülh sazişinin bağlanmasına da müsbət təsirini göstərəcək.

Əminəm ki, yeni hökumət bu il həm də konstitusiya islahatlarını həyata keçirəcək və bu, bölgədə dövlətlərarası diplomatik və siyasi-iqtisadi münasibətlərin canlanmasına gətirib çıxaracaq. Proseslər təkcə bölgə miqyasında deyil, bütövlükdə, Avrasiya miqyasında siyasi və iqtisadi-ticari trendlərdə özünü göstərəcək”.

***

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Ermənistanda parlament seçkiləri öncəsi dönəmin kifayət qədər gərginliklə müşayiət olunduğunu qeyd etdi: “Əslində, bu seçkilərə referendum havası verən xüsusiyyətlər var. Onu müharibə və sülh tərəfdarlarının, Qərbə inteqrasiya etmək istəyənlərlə rusiyayönümlülərin mübarizəsi kimi də dəyərləndirmək olar. Seçkiqabağı dövrdə açıq göründü ki, iki qüvvə arasında kəskin mübarizə gedir. Seçicilər də hardasa, ikiyə bölünmüş vəziyyətdədirlər. Rusiya seçkiyə göndərdiyi “üçbaşlı” müxalifətə – Samvel Karapetyan, Robert Koçaryan və Qagik Tsarukyanın fraksiyalarına açıq dəstək verir və Ermənistandan Rusiyaya göndərilən bir çox mallara sanksiyalar tətbiq edir ki, bu yolla erməni seçicilərinə təsir göstərsin. Təsadüfi deyil ki, seçkilərə iki gün qalmış Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməli olduğunu bir daha dilə gətirdi və bunu tez etməsini istədi”.

Kremlin Ermənistanın Azərbaycanla sülh müqaviləsi prosesinə müdaxilə cəhdlərinə toxunan Q.Çaxmaqlı bu sənədin artıq ABŞ-da paraflandığını və dialoqun vasitəçilərsiz davam etdiyini söylədi: “Azərbaycanla Ermənistan sülh sazişinin bəndlərini heç kimin iradəsi olmadan razılaşdırıblar. Onların yeni platformaya ehtiyacları yoxdur. Bəli, Rusiya növbəti dəfə prosesə müdaxilə etmək üçün səy göstərməkdədir, amma bunlar faydasız cəhdlərdir. Moskva təsir dairəsindən çıxmış Ermənistanda və ümumən Cənibi Qafqazda sözü keçən dövlət görüntüsü yaratmaq istəyir. Rusiya nəzəri cəhətdən Ermənistandakı seçkilərdə hakimiyyət dəyişikliyinə ümid edə bilər. Amma artıq Paşinyan hakimiyyətinin məğlub olacağı mümkün görünmür. Son günlər aparılan rəy sorğularında Paşinyanın partiyası böyük fərqlə öndədir və seçkiqabağı təşviqat kampaniyaları onu göstərir ki, ona dəstək vermək sülhə dəstək vermək anlamına gəlir və erməni xalqı bunun nə demək olduğunu anlayır”.

Alim hesab edir ki, daha çox casusluq fəaliyyəti ilə məşğul olduğunu ortaya qoyan eks-prezident Robert Koçaryan Ermənistanı vətəndaş qarşıdurmasına sürükləməyə çalışır: “Bu isə o deməkdir ki, Ermənistanı yenidən Rusiyanın boyunduruğuna qaytaracaq, Azərbaycanla sülh prosesini arxa plana keçirib, yeni şovinist ideyalarla ortaya çıxacaqlar. Ermənistanda budəfəki seçkilər tarixi seçkilərdir və buna yalnız ölkədaxili siyasi tədbir kimi baxılmamalıdır. Seçkilərdə Paşinyan qələbə çalacağı təqdirdə bölgədə sabitliyin təmin olunmasına daha bir addım yaxınlaşacağıq”.

***

Problemlər yaşayan ölkələrdə seçkilərin də problemli kampaniyalarla müşayiət olunduğuna, bu zəmində Ermənistanın istisna təşkil etmədiyinə diqqət çəkən siyasi icmalçı Tofiq Abbasov elektoratın seçiminə çeşidli vasitələrlə təsir göstərmək cəhdlərini xüsusi olaraq vurğuladı: “Burada söhbət iki istiqamətdən – Şərq və Qərbdən gedir. Eyni zamanda, hərb və sülh arasında seçim məsələsi də var. Hipotetik baxımdan fərz etsək ki, revanşistlər seçkini udub hakimiyyətə gəlsələr belə, bundan sonra heç bir halda Azərbaycana qarşı müharibə gündəmini irəli sürə bilməzlər. Bu reallığı onların özləri də yaxşı anlayırlar. Karapetyan, Koçaryan və digər müxalif namizədlərin arxasınca gedən qüvvələrin iddaları heç bir əsasa söykənmir. Onlar Ermənistanın üzləşdiyi bütün çətinliklərin günahkarı kimi Nikol Paşinyanı göstərirlər. Halbuki siyasi rəqiblər kimi sıravi ermənilər də buraxılan səhvlərdə indiki hökumətdən daha çox əvvəlkilərin təqsirkar olduğunu yaxşı bilirlər. Yəni əsas günahkarlar qeyri-qanuni yolla hakimiyyətə yiyələnmiş revanşist separatçı prezidentlər – Robert Koçaryan və Serj Sarkisyandır. Onların başçılıq etdiyi Ermənistanın seçdiyi paradiqmalar yanlış idi”.

Ermənilərin iki əsrlik saxta ideologiyasının tabutuna mismarları vurmaqla bölgədə reallığı kökündən dəyişən Azərbaycanın bir daha geriyə dönüşə imkan verməyəcəyi şəksizdir. Siyasi icmalçı bunu birmənalı olaraq vurğuladı: “Regionda təsir rıçaqlarının hamısı Azərbaycanın əlindədir. Bəli, indi İrəvan seçim qarşısındadır: ya Qərb, ya da Şərq! Düşünürəm ki, Paşinyan hakimiyyətini qoruyacaq və onun Rusiya ilə qarşıdurma planları siyasi-texnoloji gedişdir. Sadəcə olaraq, parlament müxalifətinin başında rusiyayönümlü Qagik Tsarukyanın durması iqtidara da sərf edən variantdır”.

***

Mövzunu XQ-yə şərh edən politoloq Asif Nərimanlının qənaətincə, Ermənistan elektoratı 7 iyunda Nikol Paşinyan, yaxud Robert Koçaryan və Samvel Karapetyanın timsalında siyasətçilər yox, sülh və müharibə arasında seçim edəcək və bunu Ermənistanın gələcək mövcudluğunu müəyyən edəcək həlledici an hesab etmək olar: “Nikol Paşinyanın liderlik etdiyi hakim komanda seçkiyə sülh proqramı ilə gedir, Koçaryan və Karapetyanın ətrafındakı revanşistlər isə müharibə proqramından çıxış edirlər. Onların Azərbaycanla sülh razılaşmalarını yenidən nəzərdən keçirmək istəkləri yeni müharibənin başlanmasına zəmin hazırlaya bilər. Bu baxımdan, erməni seçicilər partiyaları, yaxud liderləri yox, sülh və müharibəni, ümumilikdə millət və dövlət olaraq öz gələcəklərini seçəcəklər. Bu seçkilər həm də Cənubi Qafqazda Qərb və Rusiya arasında davam edən geosiyasi mübarizədə güc balansını müəyyən edəcək”.

Rusiyanın revanşistlərə dəstək verməklə seçkidən sonra bölgədəki mövqelərini qorumağa, Paşinyanı dəstəkləyən Qərb isə Ermənistanda və bu ölkə üzərindən regionda yeni mövqelər qazanmağa çalışdıqlarını dilə gətirən siyasi icmalçı Ermənistandakı seçkilərin bu qədər gərgin atmosferdə keçməsinin səbəbi kimi geosiyasi maraqların kəsişdiyi coğrafiya ilə izah etdi. A.Nərimanlı ümumi vəziyyətin analizinin seçkidə Paşinyan komandasının şanslarının daha çox olduğunu deməyə əsas verdiyini proqnozlaşdırdı: “Mövcud iqtidar hakimiyyətdə qalacağı təqdirdə, regionda təməli atılmış sülh gündəliyi davam edəcək, əks təqdirdə, müharibə riski yenidən aktuallaşa bilər ki, bu da Ermənistanın dövlət kimi mövcudluğunu sual altına salacaq”.

İmran Bədirxanlı
XQ

 

Reklam