Qlobal miqyasda helium qazı strateji əhəmiyyətli materiala çevrilib. Ondan əsasən texnologiyada və tibb sahəsində istifadə edirlər.
Reyting.az xəbər verir ki, 2026-cı ilin infoqrafikasına görə, artıq uzun müddətdir bu sahədə lider hesab olunan ABŞ 42,6 faiz, Qətər isə 33,2 faiz göstərici ilə dünya üzrə helium istehsalının böyük hissəsini nəzarətlərində saxlayırlar.
9,5 faiz göstərici ilə üçüncü yerə yüksələn Rusiya Federasiyası bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən ixracla bağlı böyük məhdudiyyətlərlə üzləşib.
Çin digər ölkələrə nisbətən daha az helium istehsal edir və idxaldan asılıdır.
Ekspertlər bildiriblər ki, ümumilikdə, bu sahədə istehsalın bir neçə ölkənin nəzarətində olması qlobal təchizatda çox böyük risk yaradır və helium getdikcə daha vacib resursa çevrilir.
Məlumata görə, heliuma tələbatın 22 faizi elmi tədqiqatlara, 17 faizi yarımkeçiricilərə və qaldırıcı qaz kimi istifadəyə, 15 faizi isə tibbi sahəyə ayrılır.
Dünyada getdikcə artan tələbat fonunda helium artıq qlobal səviyyədə strateji resurs hesab edilir. Bu səbəbdən helium qazı yaxın gələcəkdə ölkələrin sabit təchizatı üçün prioritet olacaq.
Oqtay Qorçu