Futbol tarixində silinməz iz qoymuş ulduz oyunçuların xatirəsi illər keçsə də yaşayır. Dünyanın müxtəlif ölkələrində dövlətlər, yerli icmalar və futbol azarkeşləri bu əfsanəvi idmançıların xidmətlərini yüksək qiymətləndirərək onların şərəfinə heykəllər ucaldıblar.
Reyting.az xəbər verir ki, belə abidələr təkcə görkəmli futbolçuların xatirəsini əbədiləşdirmir, həm də futbol tarixinin və idman irsinin qorunmasına xidmət edir. Bu gün həmin heykəllər azarkeşlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib.
Heykəli ucaldılan dünya şöhrətli futbolçular sırasında "Futbol Kralı" Pele, Almaniya futbolunun əfsanəsi Frans Bekenbauer, İtaliya millisinin sabiq ulduzu Paolo Rossi, Fransa yığmasının liderlərindən olmuş Zinəddin Zidan, Argentina futbolunun simvolu Dieqo Maradona, onun həmyerlisi Lionel Messi və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yer alırlar.
Dieqo Maradonanın heykəlləri Argentinada, İtaliyada və Hindistanda ucaldılıb. Lionel Messinin abidəsi Buenos-Ayresdə, Kriştiano Ronaldonun heykəli isə onun doğulduğu Madeyra adasının Funşal şəhərində yerləşir.
Böyük Britaniyada da futbol əfsanələrinin xatirəsinə xüsusi ehtiram göstərilir. Bobbi Mur, Corc Best, Denis Lou, Bobbi Çarlton, Stenli Metyuz və Billi Bremner kimi məşhur futbolçuların heykəlləri İngiltərə və digər bölgələrdə ucaldılıb. Bu abidələrin əksəriyyəti futbolçuların uzun illər çıxış etdikləri klubların stadionlarının qarşısında yerləşir.
Son illərdə müasir futbolun tanınmış simaları da bu siyahıya əlavə olunub. Devid Bekhem, Serxio Aquero, Vinsent Kompani və David Silvanın heykəlləri hazırlanıb, Belçika millisinin ulduzu Kevin De Bruyne üçün isə heykəlin hazırlanması sifariş edilib.
Kolumbiya millisinin sabiq kapitanı Karlos Valderramanın abidəsi isə ölçülərinə görə xüsusi diqqət çəkir. Onun doğma şəhəri Santa Martada ucaldılan 6,8 metr hündürlüyündəki heykəl futbolçulara həsr olunmuş ən iri abidələrdən biri hesab edilir və bu sahədə rekord göstəricilər sırasında yer alır.
Oqtay Qorçu