Advert
Advert

"İfşa Günü" ətrafında qızğın müzakirələr davam edir

Tarix:
Reklam

Məşhur Hollivud rejissoru Stiven Spilberqin elmi-fantastik triller janrında lentə aldığı yeni "İfşa Günü" filmi süjetin ilk yarısından etibarən tamaşaçını gərginlik içində saxlayaraq sirli atmosferi ilə özünə cəlb edir. Lakin filmin sonrakı hissələrinin daha zəif təsir bağışlaması amerikalı kinoşünasların ekran əsəri ilə bağlı kəskin tənqidlərinə səbəb olub.

Reyting.az xəbər verir ki, Spilberqin yeni filminin süjet xətti ABŞ hökumətinin onilliklər boyu yadplanetlilərlə təmaslar barədə məlumatları gizlətməsi və bu sirlərin üzə çıxması ətrafında qurulub.

Filmdə baş rolları Coş O'Konnor, Emili Blant və digər tanınmış aktyor və aktrisalar canlandırıblar.

Tənqidçilər Emili Blantın performansını ekran əsərinin ən güclü tərəfi kimi qiymətləndiriblər. Bəzi kinoşünaslar hətta aktrisanı Spilberqin filminin "qoruyucu mələyi" adlandırıblar.

Hollivud tənqidçilərinin fikrincə, rejissorun filmin ilk hissəsində ustalıqla yaratdığı sirr atmosferi ikinci yarıda tədricən zəifləyir və adiləşir. Süjetdəki müəmmaların izahı artdıqca filmin aura və gərginliyi azalır, nəticədə ekran əsəri adi kosmik triller təsiri bağışlayır.

Bununla yanaşı, filmin rejissorluğu, dinamik səhnələri və musiqisi amerikalı kinotənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Hollivud kino mediasının yazdığına görə, ümumi rəy belədir ki, "İfşa Günü" peşəkar səviyyədə çəkilmiş və maraqlı filmdir. Lakin ekran əsəri Stiven Spilberqin klassik filmlərindən gözlənilən möhtəşəm təsiri yarada bilməyib.

Hollivud insayderlərinə istinadən yayılan məlumatlara görə, film ətrafında gedən müzakirələrə və səsləndirilən fikirlərə münasibət bildirməyən dünya şöhrətli rejissor S. Spilberq bu qızğın debatlara özünəməxsus şəkildə - səssizcə və təbəssümlə reaksiya verir.

Oqtay Qorçu
 

Reklam