Yəmən üsyançı Ənsar Allah hərəkatı (Husilər) İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və Livanın “Hizbullah” hərəkatı ilə birlikdə İsraildəki bir neçə hərbi hədəfə qarşı qanadlı raketlərdən istifadə edərək birgə hərbi əməliyyat keçiriblər.
Reyting.az xəbər verir ki, bunu Husilərin hərbi sözçüsü Yəhya Sari bildirib.
Hərəkatın açıqlamasında deyilir: "Yəmən Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusu, İran İslam Respublikası Silahlı Qüvvələri və Livandakı İslam Müqaviməti ilə birgə İsrail ordusunun Ümm əl-Rəşrəşdəki (İsrailin Eylat şəhəri) bir neçə həyati və hərbi obyektini hədəf alan kruiz raketləri və dronlardan ibarət hücum həyata keçirib".
Yəhya Sari deyib ki, birgə əməliyyat "məqsədlərinə uğurla çatıb".
O, Ənsar Allah hərəkatının "qələbəyə qədər" hərbi əməliyyatları davam etdirəcəyini bildirib.
V. Quliyev