Hollivudun məşhur kinorejissoru və ssenarist Kventin Tarantino ilə kino ulduzu Silvester Stallone ötən əsrin otuzuncu illərindən bəhs edən kriminal film, qanqster mövzusunda serial çəkəcəklər. Tanınmışlar məlumatı yerli mediaya təsdiqləyiblər.
Reyting.az xəbər verir ki, Tarantino ilə Stallone 6 seriyalı layihənin ssenarisi üzərində birgə çalışacaqlar. Yeni filmin əsas rejissorluğunu Stallone edəcək, Tarantino isə ikinci rejissor olacaq.
Yeni serialın çəkilişlərinin 1930-cu illərə xas olan köhnə kameralarla, ağ-qara üslubda aparılması planlaşdırılır.
Lentə alınacaq yeni serialın süjet xətti ilə bağlı hələlik ətraflı məlumat verilməsə də, hekayənin əsas mərkəzində qanqsterlərin, rəqqasələrin, boksçuların və musiqinin yer alacağı məlum olub.
Qeyd edək ki, bundan öncə uzun müddət onların aralarında soyuq münasibət olsa da Tarantino dəfələrlə Stalloneni çox yüksək qiymətləndirib, onu böyük aktyor adlandırıb.
Bununla belə, məlum olmayan səbəblərdən Stallone vaxtilə Tarantinonun təklifini rədd etməli olub və amerikalı məşhur rejissorun iki filmində rol almaq təklifindən çox sərt reaksiya ilə imtina edib.
Hollivud insayderlərinin və yerli medianın məlumatlarından aydın olur ki, artıq onlar arasında ciddi fikir ayrılığı yoxdur.
Əksəriyyətin fikrincə, Tarantino və Stallonenin birgə əməkdaşlığı sayəsində ortaya klassik dedektiv janrında bir şedevr, bənzərsiz, həm də orijinal ekran əsəri çıxacaq.
Oqtay QORÇU