Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O`Nili qəbul edib.
Reyting.az xəbər verir ki, dövlət başçısı Meq O`Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev ölkəsi ilə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlət başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.
Azərbaycanla bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Prezident bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğulayıb və tərəfdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırıb.
Təbriklərə görə təşəkkürünü bildirən Meq O`Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.
BP şirkətinin baş icraçı direktoru Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb.
Meq O`Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.
Dövlət başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyini bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkədə vəziyyətin çətin olduğunu deyib, ərazilərinin itkisinə məruz qaldığını və humanitar fəlakətlə üzləşdiyini vurğulayıb. Azərbaycan Prezidenti bildirib ki, o zaman büdcə sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəyə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirib.
Söhbət zamanı bp-nin ölkədə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olunub, şirkətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihənin önəminə toxunulub.
Görüşdə ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edilib, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olunub.

