İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.
Reyting.az xəbər verir ki, Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyən Ursula Fon der Lyayen bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.
Qonaq Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsinin və bu xüsusda göstərdiyi liderliyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirilib.
Ursula Fon der Lyayen deyib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır.
Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olunub, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ildən sonra ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması məmnunluqla qeyd edilib.