Namibiya amerikalı milyarder İlon Maska məxsus "Starlink" şirkətinin lisenziya ilə bağlı ünvanladığı 600-dən çox şikayəti, o cümlədən bu ay edilən apellyasiya şikayətini rədd edib.
Reyting.az-ın məlumatına görə, Namibiya hakimiyyəti qətiyyətlə bildirib ki, onların mövqeyi birmənalıdır və bu ölkədə Maskın "Starlink" peyk internet xidmətinin fəaliyyət göstərməsinə icazə verilməyəcək.
Rabitənin Tənzimlənməsi İdarəsinin məlumatına görə, mənfi qərarın yenidən nəzərdən keçirilməsi üçün "Starlink" tərəfindən təqdim olunmuş 624 müraciətdən yalnız ikisi hüquqi sənəd kimi baxılma tələblərinə uyğun olub. Bildirilib ki, Maskın şirkəti tərəfindən dəfələrlə edilən belə müraciətlər əslində, qərarların dəyişdirilməsi üçün tam kifayət etməyib.
Namibiya hakimiyyətinin mövqeyinə görə, hüquqi baxımdan həmin sənədlər yetərli deyil və qanunla dəlil kimi təqdim oluna bilməz. Bununla bağlı dərc olunan məlumatlara görə, məhz elə bu səbəbdən Maskın dünyaca məşhur olan "Starlink" şirkəti Namibiya ərazisində fəaliyyət göstərə bilmir.
Qeyd olunub ki, "Starlink Internet Services Namibia Ltd." tərəfindən edilən apellyasiya müraciəti təyin olunmuş müddəti keçib və Namibiya məhkəmə sistemi ABŞ şirkətinin şikayətini tamamilə rədd edib.
Namibiya hakimiyyəti daha sonra bəyan edib ki, onlar "Starlink"in təkrar şikayət hüququ olduğunu tam qəbul edirlər. Bununla belə, 5 mindən çox adamın dəstəklədiyi petisiya aktı da eyni səbəbdən rədd olunub.
Qeyd edək ki, şirkətin müraciəti ilk dəfə 2025-ci ilin mart ayında yerli mülkiyyət tələblərinə uyğun gəlmədiyi üçün geri qaytarılıb. Bunun əsas səbəbi kimi isə Namibiya qanunvericiliyinə uyğun telekommunikasiya lisenziyalarının xarici vətəndaşlar və ya şirkətlər tərəfindən idarə olunmaqla, onlara düşən payın 49 faizi ilə məhdudlaşdırılması göstərilmişdi.
Qalmaqal yaradan bu məsələyə münasibət bildirən "CRAN" (Rabitənin Tənzimlənməsi İdarəsi) nümayəndələri bildiriblər ki, aşağı Yer orbitli peyk texnologiyaları Namibiyada rabitənin inkişafına kömək edə bilər, ancaq bütün xarici operatorlar məsuliyyətli olmalı və yerli qanunlara hörmət göstərməlidirlər.
Ekspertlər vurğulayıblar ki, Zimbabve, Lesoto, Konqo Demokratik Respublikası kimi bəzi Afrika ölkələrində isə "Starlink" şirkətinin öz ərazilərində sərbəst xidmət göstərməsi üçün müəyyən güzəştlər tətbiq olunmaqla, hətta yerli mülkiyyət tələbləri yumşaldılıb. Bununla belə, Amerika şirkəti "Starlink"in internet xidmətindən tam imtina etməmək şərti ilə bu xarici şirkətə qarşı fərqli mövqe tutan Cənubi Afrika Respublikası rəsmiləri bəyan ediblər ki, ölkə alternativ iştirak modellərini nəzərdən keçirir.
Oqtay Qorçu