Dövlətlər və qlobal investorlar kapital yatırımı üçün yeni istiqamətlər seçməyə başlayıblar.
Reyting.az xəbər verir ki, "Kearney FDI Confidence Index"in 2026-cı il üçün açıqladığı siyahıya əsasən, investisiya sahəsində fərqlənən Kanada və Yaponiya kimi ölkələr investor etimadının yüksək olması sayəsində mövqelərini gücləndiriblər. Çin isə son 10 ildə ilk dəfə olaraq ikinci yerdən dördüncü pilləyə geriləyib.
Səudiyyə Ərəbistanı ilk dəfə ən cəlbedici 10 investisiya istiqaməti sırasına daxil olub. Digər ərəb dövləti olan Birləşmiş Ərəb Əmirlikləri isə bu sahədə mövqeyini daha da möhkəmləndirib.
Dünyanın əksər ölkələri uzun illərdir xaricə böyük həcmdə kapital yatırır, həmçinin beynəlxalq səviyyədə tanınmış nüfuzlu banklarla əməkdaşlığı davam etdirərək qlobal investorlarla tərəfdaşlığını gücləndirirlər.
Ekspertlər bunu əsasən süni intellekt, logistika və iri infrastruktur layihələrinə yatırımların artması ilə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, Kanadanın siyasi sabitliyi, əlverişli daxili və xarici mühiti, eləcə də süni intellekt sahəsinə yatırımlar ölkənin reytinqdə önə çıxmasına səbəb olub. Çinin geriləməsi isə geosiyasi risklərin investisiya qərarlarına təsirinin artdığını göstərir.

Oqtay Qorçu