İqtisadi sahədəki bəzi cinayətləri törədən şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə, yaxud cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə məsuliyyətdən azad olunacaqlar.
Reyting.az xəbər edir ki, bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.
Həmçinin sənədə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.