Mövcud maneələrin aradan qaldırılması şərtilə Hörmüz boğazından keçən naviqasiya 30 gün ərzində münaqişədən əvvəlki səviyyəyə qayıda bilər.
Reyting.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, Hörmüz boğazındakı vəziyyətə hər hansı xarici müdaxilə yalnız bölgədə gərginliyi artıracaq və gəmiçiliyin bərpasına kömək etməyəcək.
"İstənilən müdaxilə və ya paralel həll mexanizmlərinin yaradılması cəhdi vəziyyəti daha da çətinləşdirəcək, gərginliyi artıracaq və bu, həyati əhəmiyyətli su yolu ilə naviqasiyanın bərpasını gecikdirəcək. Bunu son iki gecə ərzində Hörmüz boğazında baş verən hadisələr və toqquşmalar sübut edir", - deyə o, iraqlı həmkarı Fuad Hüseyn ilə birgə mətbuat konfransında bildirib.
Əraqçinin sözlərinə görə, bütün mövcud maneələrin aradan qaldırılması və tərəflərin İranla ABŞ arasında əldə edilən memoranduma ciddi şəkildə riayət etməsi şərtilə, Hörmüz boğazından keçən naviqasiya 30 gün ərzində münaqişədən əvvəlki səviyyəyə qayıda bilər.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 27-nə keçən gecə Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İrana bir sıra zərbələr endirdiyini bildirib. İran buna cavab olaraq ABŞ hərbi obyektlərinə zərbələr endirib və tərəflər bazar günü hücumlarını davam etdiriblər. CENTCOM Hörmüz boğazı ərazisində 10 İran hərbi obyektini hədəf aldığını, İran İslam İnqilabı Keşikçiləri Korpusu isə Küveyt və Bəhreyndə ABŞ-ın əsas hərbi obyektlərinə cavab zərbələri endirdiyini bildirib.
E. Kamal