Advert
Advert

İran müharibəyə son qoymağa tələsmir

Tarix:
İran müharibəyə son qoymağa tələsmir
Reklam

Aprelin 8-də atəşkəs qüvvəyə minsə də, iyunun 7-də axşam saatlarında İran İsrailə iki dəfə raket zərbəsi endirib. Bundan sonra İranın Tehran, İsfahan və Təbriz şəhərləri İsrailin hücumuna məruz qalıb.

Ardınca ABŞ Prezidenti Donald Tramp iki həftə ərzində Vaşinqtonla Tehran arasında razılaşma əldə olunacağına ümid etdiyini bildirib.

Professor Cümşüd Nuriyev “Reytinq” qəzetinə açıqlamasında deyib ki, rəsmi Tehran müharibənin hələ başa çatmadığını nümayiş etdirir və sanki İran indi müharibəyə başlayır.

Onun sözlərinə görə, Yəmən də son günlər aktivlik nümayiş etdirir:

“Hörmüz boğazına nəzarət faktiki olaraq İranın əlindədir. Eyni zamanda Bab əl-Məndəb boğazının bağlanması məsələsi də gündəmə gətirilir. Əgər bu boğaz bağlanarsa, Süveyş kanalının fəaliyyəti də ciddi şəkildə məhdudlaşa bilər. Bu halda Avropada məhsulların qiyməti artacaq. Nəzərə almaq lazımdır ki, dünya sənayesinin 33 faizinə Avropa nəzarət edir.

Sözsüz ki, bu qarşıdurmadan faydalanmaq istəyən qüvvələr də var. Hadisələr bu şəkildə davam edərsə, neftin qiymətində də artım baş verə bilər. Belə olacağı təqdirdə Avropa ciddi çətinliklərlə üzləşəcək. ABŞ isə coğrafi baxımdan uzaqda yerləşdiyi üçün İranla müharibənin təsirlərini o qədər də kəskin hiss etmir. Bununla yanaşı, Vaşinqtonun İran məsələsində ciddi nəticə əldə edə bilmədiyi də görünür. Əvəzində İranın daha da fəallaşdığını müşahidə edirik”.

Professor bildirib ki, İranın hazırkı addımları ABŞ üçün əlavə çətinliklər yaradır:

“İran nüvə silahına malik olmaq ideyasından əl çəkmir və bu istiqamətdə fəaliyyətini dayandıracağını gözləmək real görünmür. Tehran hələlik prosesləri daha sakit şəkildə idarə etməyə çalışır. Lakin diqqət yetirdikdə görürük ki, Amerika faktiki olaraq istədiyi nəticəni əldə edə bilməyib. Düzdür, İranın bəzi obyektlərinə hava zərbələri endirilib, müəyyən dağıntılar olub. Amma nə hakimiyyət dəyişikliyi baş verib, nə də zənginləşdirilmiş uran məsələsi həllini tapıb.

İran müharibə şəraitində olsa da, 86 milyon əhalisi olan ölkədə 3600 nəfər itkinin olması böyük rəqəm hesab edilmir. Bəzi obyektlər vurularaq sıradan çıxarılsa da, fars-molla rejimi mövqelərini daha da möhkəmləndirib. Yəni ölkədə hər hansı ciddi və ya koordinasiyalı dəyişiklik baş verməyib. Əksinə, indi İran sanki müharibəyə yenidən başlayır. Hadisələrin gedişi göstərir ki, münaqişə tam başa çatmayıb və hər an yenidən alovlana bilər. Sadəcə, hazırkı mərhələdə ABŞ-a genişmiqyaslı müharibə lazım deyil”.

Professor əlavə edib ki, dünya mediasında yayılan məlumatlara əsasən, İranla bağlı hadisələrdən sonra ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlərdə gərginlik yaranıb:

“Hətta bəzi media orqanları Trampın İsrail baş nazirini hədələdiyini iddia edib. Bunlar təsadüfi məlumatlar deyil. Əgər müharibə uğursuz nəticələnibsə, bunun siyasi məsuliyyətini kimsə daşımalıdır. Bu baxımdan ən böyük risklə məhz Netanyahu üzləşə bilər. Onun hakimiyyətdən getməsi ehtimalı da istisna deyil.

Ümumilikdə isə proseslər hazırda çox sürətlə inkişaf edir və buna görə də dəqiq proqnozlar vermək çətindir. Hər halda, bizim üçün ən vacib məsələ bölgədə sabitliyin və əmin-amanlığın təmin olunmasıdır”.

Nemət Orucov
Reyting.az
 

Reklam