Advert
Advert

İran nə kompromisə, nə də müharibəyə hazırdır

Tarix:
İran nə kompromisə, nə də müharibəyə hazırdır
Reklam

İran strateji qeyri-müəyyənlik xəttini qorumaqda davam edir. Bu, rəsmi Tehranın nə kompromisə, nə də açıq müharibəyə hazır olmamasında özünü göstərir. İran hakimiyyəti həm daxili iqtisadi və sosial təzyiqləri, həm də regional riskləri nəzərə alaraq kəskin qərarlardan yayınmağa çalışır. Bu mövqe müəyyən qədər vaxt qazandırsa da, qarşı tərəflərin təzyiq alətlərini artırmasına şərait yaradır. Nəticədə, İranın balans siyasəti uzunmüddətli perspektivdə daha böyük risklər doğura bilər.

İranın hazırkı mövqeyini “Reytinq” qəzetinə şərh edən professor Qabil Hüseynli isə hesab edir ki, İranla müharibənin ikinci fazası başlaya bilər.

Q. Hüseynlinin sözlərinə görə, mövcud vəziyyətdə ABŞ, xüsusilə də dünyanın ən güclü ordusuna malik ölkə kimi, üzləşdiyi vəziyyəti qəbul etməyəcək: 

“Odur ki, ABŞ İranı sülhə məcbur etmək məqsədilə addımlar atacaq. Bu baxımdan hesab edirəm ki, müharibə ehtimalı var. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın İrana üç gün vaxt verdiyini nəzərə alsaq, savaş ehtimalı artır”.

Professorun fikrincə, ABŞ-İran müharibəsinin başlaması çox gecikməyə bilər: “Bu, bir həftə sonra da, daha tez də baş verə bilər. Amma görünən odur ki, ABŞ Prezidenti Donald Tramp İran məsələsində tələsmir. Onun əksinə olaraq, Pentaqon və hərbçilər daha tələsik davranırlar. Yaxın gələcək müharibənin olub-olmayacağını daha aydın göstərəcək. Lakin danışıqların nəticə verməməsi ABŞ üçün alternativlərin məhdud olduğunu göstərir”.

Q. Hüseynli əlavə edib ki, İranın ciddi müqavimət imkanları məhduddur və Tehran daha çox ritorik bəyanatlarla kifayətlənir: “İran atəşkəs müddətindən maksimum istifadə etməyə çalışıb. Amma görünən odur ki, İran nə kompromisə, nə də müharibəyə hazırdır. Onun ABŞ-ın böyük hərbi gücü qarşısında uzunmüddətli müqavimət göstərə biləcəyi isə real görünmür”.

Professorun sözlərinə görə, hazırda İranda real hakimiyyət bölgüsü də qeyri-müəyyəndir: “Məlum olan odur ki, SEPAH vəziyyətdən istifadə edərək nəzarəti gücləndirib. Nəticədə, rəsmi hakimiyyət strukturlarının - prezidentin və digər idarəetmə qollarının səlahiyyətləri zəifləyib. İran parlamentinin sədri faktiki olaraq istefa verib. ABŞ-la danışıqlara göndərilən xarici işlər naziri Abbas Əraqçinin isə qərarvermə səlahiyyətlərinin məhdud olduğu bildirilir. Donald Trampın da qeyd etdiyi kimi, İranda kimin real hakimiyyətdə olduğu tam aydın deyil. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir”.

Nemət Orucov
Reyting.az

Reklam