Advert
Advert

İranda hakimiyyətin idarəetmə prinsipləri pozulub

Tarix:
 İranda hakimiyyətin idarəetmə prinsipləri pozulub
Reklam

İranda son hadisələr fonunda hakimiyyət institutları arasında səlahiyyət bölgüsünün zəiflədiyi və qərarların getdikcə daha çox təhlükəsizlik strukturlarının təsiri altında qəbul edildiyi iddia olunur. Prezident Məsud Pezeşkianın istefa verəcəyi ilə bağlı məlumatlar yayılsa da, bu iddialar hələlik rəsmi təsdiqini tapmayıb. Analitiklərin fikrincə, təhlükəsizlik strukturlarının İslam Respublikasının siyasi və təhlükəsizlik məsələlərində artan rolu mülki hakimiyyətin təsir imkanlarını məhdudlaşdıra bilər. Belə vəziyyət davam edərsə, İranın idarəetmə modelində hərbi-təhlükəsizlik elitasının çəkisi daha da arta bilər.

Siyasi şərhçi Əli Mustafa “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, prezidentin köməkçisi Məsud Pezeşkianın istefası ilə bağlı məlumatları təkzib edib və onun fəaliyyətini davam etdirəcəyini açıqlayıb. Bununla belə, müəyyən problemlərin yaranması ehtimalı da istisna deyil.

Onun sözlərinə görə, İranın ali lideri Seyid Əli Xamnəinin vəfatından sonra ölkənin hərbi-siyasi sistemində fərqli tendensiyalar meydana çıxıb. Xüsusilə müharibə şəraitində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rolu, gücü və nəzarət imkanları artıb. Nəticədə proseslərə daha çox bu qurum təsir göstərməyə başlayıb.

Ə. Mustafanın fikrincə, SEPAH-ın təsir imkanlarının genişlənməsinin bir hissəsi təbii proseslərlə bağlıdır:

“Çünki müharibə şəraitində hərbçilər istər-istəməz ön plana çıxırlar. Təbii olaraq SEPAH-ın fəaliyyət göstərdiyi şərait onun güclənməsinə, mühüm qərarların qəbulunda rolunun artmasına səbəb olub. Səlahiyyətlərin bir hissəsi yaranmış vəziyyətə görə onların üzərinə düşüb, digər hissəsini isə mövcud şəraitdən istifadə edərək öz nəzarətlərinə götürmüş və mövqelərini gücləndirmiş ola bilərlər. Həmçinin mümkündür ki, SEPAH mülki idarəçiliyə aid bəzi məsələlərə də müdaxilə edir”.

Əli Mustafa

Siyasi şərhçi iddia edir ki, İranın gəlirləri, xüsusilə neft və qaz satışından əldə olunan vəsaitlərin əhəmiyyətli hissəsi ölkəyə qeyri-şəffaf yollarla daxil olur və bölüşdürülür:

“Əvvəllər də bu qəbildən olan məlumatlar yayılıb və qeyd olunub ki, bu proseslərdə daha çox SEPAH iştirak edir. Mümkündür ki, hazırda həmin məsələlərdə SEPAH-ın rolu və təsiri daha da artıb”.

Ə. Mustafa hesab edir ki, İran hakimiyyətində ikitirəlik deyil, daha çox çoxtərəfli fikir ayrılıqları mövcuddur:

“Hərbçilər, siyasətçilər, müxtəlif qruplaşmalar, hətta dini dairələrin özündə belə proseslərə fərqli yanaşmalar var. Hər halda, dövlət idarəçiliyində ciddi koordinasiya müşahidə olunmur. Əli Xamnəinin nüfuzu ona hakimiyyət qolları üzərində nəzarəti saxlamağa və idarəçilikdə koordinasiya yaratmağa imkan verirdi. Lakin onun nüfuzunun ən güclü olduğu dövrlərdə belə SEPAH-ın təsir imkanlarının geniş olduğu görünürdü. Hazırda isə SEPAH siyasi hakimiyyətə nüfuz etmək baxımından daha da güclənib. Bu səbəbdən zaman-zaman İran hakimiyyətində gərginliklərin yaşanması və müxtəlif güc mərkəzlərinin formalaşmasına dair məlumatların yayılması müəyyən əsaslara malikdir”.

Müsahibimizin fikrincə, İran hakimiyyəti daxilində fikir ayrılıqları və parçalanmaların mövcudluğu ilə bağlı məlumatlar müəyyən qədər şişirdilə və ya daxili və xarici amillərin təsiri ilə yönləndirilə bilər:

“Hətta mümkündür ki, İran hakimiyyəti bilərəkdən çoxbaşlılıq görüntüsündən yararlanmağa çalışır. Belə təsəvvür yaradılır ki, hakimiyyət daha çox mülayim, hərbçilər isə daha radikal mövqedədirlər. Bununla da təzyiqləri idarə etməyə çalışırlar. ABŞ-a və digər güc mərkəzlərinə mesaj verirlər ki, sərt addımlar atılarsa, İranda hərbçilərin mövqeyi daha da güclənəcək. Yaxud da uzlaşma mövqeyi sərgilənməzsə, sivil siyasətçilər problemləri həll edə bilməyəcəklər. Məncə, bütün hallarda İran hakimiyyəti daxilində rəngarənglik, fikir ayrılıqları və müəyyən parçalanmalar mövcuddur”.

İran Prezidenti Məsud Pezeşkianla bağlı yayılan məlumatlara da münasibət bildirən müsahibimiz qeyd edib ki, o, şəffaf, mülayim, ədalətli və obyektiv siyasətçi kimi tanınır:

“İstisna deyil ki, qəbul edilən qərarların bir çoxu Pezeşkianın mövqeyi ilə üst-üstə düşmür. Hətta bəzi hallarda onun səlahiyyətlərinə müdaxilə edilməsi də mümkündür. İstefa xəbəri yayıldı, daha sonra isə təkzib olundu. Ola bilər ki, İran hakimiyyəti daxilində Pezeşkianın əleyhinə olan qruplar var və onlar zaman-zaman prezident üçün problemlər yaratmağa çalışırlar. Bununla belə, prezidentin ən doğru addımı xalqın etimadını qorumaq, siyasi mövqelərini möhkəmləndirmək və hakimiyyətini davam etdirməkdir. Onun mövqeyinin güclənməsi İranda sivil idarəçiliyin qorunmasına, həmçinin qonşu ölkələrlə normal münasibətlərin saxlanılmasına müsbət təsir göstərə bilər”.

Nemət Orucov

Reyting.az

Reklam