İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasının sədrinə və təşkilatın üzv dövlətlərinə göndərdiyi məktubda ABŞ və Bəhreynin qətnamə layihəsinə cavab olaraq bildirib ki, müharibəyə qəti son qoyulması, eləcə də İrana qarşı qanunsuz blokada və sanksiyaların ləğvi şərti ilə Hörmüz boğazında normal gəmiçilik bərpa olunacaq.
Reyting.az xəbər verir ki, Əraqçi Hörmüz boğazı ilə bağlı ABŞ-Bəhreyn birgə qətnamə layihəsini birtərəfli və natamam sənəd adlandırıb.
O, regiondakı mövcud böhranın əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı hərbi hücumları və qanunsuz hərəkətləri olduğunu vurğulayıb.
Məktubda qeyd olunur ki, bu qətnamə layihəsi ABŞ-ın hərəkətlərini haqlı çıxarmağa, təcavüz, dəniz blokadası və İran gəmilərinin saxlanılması faktlarını nəzərə almadan reallığı təhrif etməyə yönəlib.
Əraqçi həmçinin bildirib ki, qətnamənin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının nüfuzunu zəiflədəcək və ABŞ-ın birtərəfli hərəkətlərini qanuniləşdirmək üçün təhlükəli bir presedent yaradacaq.
Onun sözlərinə görə, sabitliyə gedən yol Təhlükəsizlik Şurasından vəziyyəti daha da gərginləşdirmək üçün istifadə etməkdən deyil, ABŞ-ın beynəlxalq hüquqa riayət etməsindən keçir.
E. Kamal