Advert
Advert

İranla müharibə ABŞ və İsrailin raket ehtiyatını tükəndirib

Tarix:
İranla müharibə ABŞ və İsrailin raket ehtiyatını tükəndirib
Reklam

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi və müvəqqəti atəşkəslə nəticələnən hərbi əməliyyatlarla bağlı diqqətçəkən detallar üzə çıxıb.

Reyting.az bildirir ki, adlarının açıqlanmasını istəməyən bir neçə ABŞ rəsmisi “The Washington Post” qəzetinə açıqlamasında əməliyyatlar zamanı istifadə olunan sursatlarla bağlı məlumat verib.

Rəsmilərin sözlərinə görə, ABŞ ordusu İsraili İranın raket hücumlarından müdafiə etmək üçün İsrailin istifadə etdiyindən daha müasir və bahalı raketdən müdafiə sistemlərini işə salıb. Bu isə ABŞ arsenalındakı bəzi sursat ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olub.

Məlumata görə, ABŞ İsrailin müdafiəsi üçün 200-dən çox THAAD tutucu raketi buraxıb, həmçinin Şərqi Aralıq dənizində yerləşən hərbi gəmilərdən 100-dən artıq “Standard Missile-3” və “Standard Missile-6” raketi atıb.

Bunun müqabilində İsrailin 100-dən az “Arrow” və təxminən 90 “David’s Sling” tutucu raketindən istifadə etdiyi bildirilir.

ABŞ rəsmiləri qeyd ediblər ki, İsrail bu raketlərin bir hissəsini birbaşa İrana qarşı deyil, Yəmən və Livandan buraxılan raketlərin qarşısını almaq üçün istifadə edib.

Onların sözlərinə görə, İranın regional müttəfiqləri olan “Husilər” və “Hizbullah”ın mümkün yeni müharibədə iştirakı vəziyyətə ciddi təsir göstərə bilər. Bildirilir ki, İsrailin bu qruplara qarşı hava hücumlarının intensivliyi İranla münaqişənin başlanğıcından martın sonunadək təxminən iki dəfə azalıb.

Rəsmilər, həmçinin ABŞ və İsrail arasında əvvəldən razılaşdırılmış müdafiə planına əsasən, İsrailə yönələn ballistik raketlərin əsas hissəsinin ABŞ-ın THAAD və gəmi əsaslı müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilməsinin nəzərdə tutulduğunu açıqlayıblar.

ABŞ-ın İsraildən təxminən 120 daha çox tutucu raket istifadə etdiyini deyən rəsmilərdən biri bildirib:

“Əgər hərbi əməliyyatlar yenidən başlasa, bu balanssızlıq daha da dərinləşəcək”.

Digər ABŞ rəsmisi isə vurğulayıb ki, “İsrailin təkbaşına belə bir müharibədə qalib gəlmək imkanı yoxdur” və yaranmış vəziyyətin miqyasını əvvəlcədən heç kim tam proqnozlaşdıra bilməz.

Y. Qacar
 

Reklam