ABŞ və İsrailin İrana qarşı hərbi münaqişəsi qlobal şirkətlərə ən azı 25 milyard dollara başa gəlib.
Reyting.az xəbər verir ki, “Reuters” bu barədə ABŞ, Avropa və Asiyadakı şirkətlərin korporativ hesabatlarının təhlilinə istinadla yazıb.
Agentliyin məlumatına görə, münaqişə yüzlərlə müəssisəyə təsir göstərib. Onlar Hörmüz boğazı ətrafındakı vəziyyətlə əlaqədar enerji qiymətlərinin artması, təchizat zəncirindəki fasilələr və mürəkkəb ticarət yolları ilə üzləşirlər.
Qeyd olunur ki, ən azı 279 şirkət maliyyə itkilərini azaltmaq üçün tədbirlər görmək məcburiyyətində qalıb. Bunlara məhsul qiymətlərinin qaldırılması, istehsal həcmlərinin azaldılması, dividend ödənişlərinin dayandırılması və səhmlərin geri alınması proqramları daxildir. Hətta bəzi şirkətlər işçilərini ödənişsiz məzuniyyətə göndərib, yanacaq əlavələri tətbiq edib və ya hökumətdən dəstək istəyiblər.
Analitiklərin təxminlərinə görə, ən ciddi zərbə aviasiya sənayesinə dəyib. Münaqişə zamanı təyyarə yanacağının qiyməti təxminən ikiqat artdığı üçün aviaşirkətlərin itkiləri təxminən 15 milyard dollar təşkil edir.
Bundan əlavə, sənaye, kimya və xammal sektorlarından təxminən 40 şirkət Yaxın Şərqdən neft-kimya tədarükündən asılı olduqları üçün qiymətləri qaldırmaq planlarını açıqlayıblar.
Eyni zamanda, biznes nümayəndələri vəziyyətin sonrakı inkişafı və münaqişənin həlli üçün mümkün müddət ətrafında davam edən qeyri-müəyyənliyə diqqət çəkirlər.
R. Rəcəbov