ABŞ-la razılaşmanın İran üçün ən mühüm üstünlüklərindən biri iqtisadi təzyiqlərin yumşaldılması, xüsusilə enerji ixracı və beynəlxalq ticarət imkanlarının genişlənməsidir. Razılaşma Tehrana xarici investisiyaların cəlbi və milli valyutanın sabitləşdirilməsi baxımından da əlavə imkanlar yarada bilər. Eyni zamanda, İran regional təcriddən qismən çıxaraq beynəlxalq arenada siyasi mövqeyini gücləndirmək şansı qazana bilər.
ABŞ-İran razılaşmasının vəd etdiyi əsas üstünlüklərdən biri də regionda hərbi qarşıdurma riskinin azalması və tərəflər arasında gərginliyin diplomatik yollarla idarə olunmasıdır. Lakin öhdəliklərə nə dərəcədə əməl ediləcəyi həm regional müttəfiqlərin, həm də İsrailin mövqeyindən asılı olacaq.
Hərbi ekspert Azad İsazadə ABŞ və İran arasında əldə edilən anlaşma memorandumunu şərh edərkən “Reytinq” qəzetinə bildirib ki, bu, İran üçün fantastik və qeyri-adi razılaşmadır.
Onun sözlərinə görə, görünən odur ki, ABŞ müharibədən çıxmaq istəyir. Lakin A. İsazadə hesab edir ki, belə fantastik və qeyri-adi razılaşmaların ömrü adətən uzun olmur. Onun fikrincə, belə sənədlərin pozulması və tərəflərin bir-birini ittiham etməsi üçün imkanlar hər zaman mövcuddur.
İsazadə bildirib ki, əgər bu razılaşma uğurlu olsa və işləsə, Yaxın Şərqdə müəyyən sakitlik və sabitlik yarana bilər:
“Çünki bu bölgə uzun illərdir od-alov içindədir, davamlı müharibələrə şahidlik edir. Ancaq mən inanmıram ki, ABŞ qısa müddətdə öz hərbi qüvvələrini və donanmasını Yaxın Şərqdən çıxarsın. Məncə, belə bir ehtimal yoxdur”.
Hərbi ekspert hesab edir ki, razılaşmanı izləmək, proseslərin necə inkişaf etdiyini müşahidə etmək və yalnız bundan sonra qiymətləndirmələr aparmaq daha doğru olar.
“Hazırda məlum olan odur ki, bu gün İsveçrədə keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqları təxirə salınıb. Bəziləri bunun texniki məsələlərlə bağlı olduğunu deyirlər. Zaman keçdikcə həqiqətlər üzə çıxacaq. Hər halda, bu, olduqca mürəkkəb və çətin prosesdir. İstənilən halda sülh müharibədən daha yaxşıdır”, - deyə o qeyd edib.
Müsahibimiz bildirib ki, Azərbaycanın maraqları da bölgədə sabitliyin təmin olunmasını tələb edir. Onun sözlərinə görə, ABŞ və İran arasında münasibətlərin normallaşması müsbət nəticələr verə bilər:
“Burada Azərbaycanın maraqları məsələsi də var. Ehtimal edirəm ki, əgər ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldırsa, Tehran da TRİPP dəhlizindən yararlanmaq barədə düşünə bilər. Hazırda sanksiyalar səbəbindən bu layihəyə müsbət yanaşmır. Lakin gələcəkdə həmin dəhlizin bir qoluna çevrilə və əsassız narazılıqlarını dayandıra bilər. Təbii ki, bunu yalnız ehtimal kimi söyləyirəm”.
İsazadə daha sonra qeyd edib ki, ABŞ-İran qarşıdurmasında kapitulyasiya edən tərəf görünmür:
“Bu məsələləri hər kəs fərqli şəkildə şərh edir. Mənim üçün ən maraqlı məqamlardan biri ABŞ-ın İran iqtisadiyyatına 300 milyard dollar sərmayə yatırması ilə bağlı müddəadır. İki həftə əvvəl İran bəlkə də düşünürdü ki, ABŞ-dan 10 milyard dollar reparasiya ala bilsə, bunu uğur hesab edərdi. İndi isə ABŞ özü 300 milyard dollar təklif edir. Məhz buna görə deyirəm ki, İran belə şərtlərlə razılaşmanı heç yuxusunda da görməzdi.
İran nöqteyi-nəzərindən bu vəsait müəyyən mənada reparasiya kimi qiymətləndirilə bilər. Təsəvvür edin ki, biz Ermənistandan, Ukrayna isə Rusiyadan reparasiya tələb edir. Burada isə ABŞ özü 300 milyard dollar təklif edir. İran bunu gözləmirdi. ABŞ baxımından isə bu addım İranı öz tərəfinə çəkmək cəhdi kimi dəyərləndirilə bilər”.
Nemət Orucov
Reyting.az